Azərbaycan dilindəIn EnglishПо-русски

“Bizi Birləşdirən Dəyər” Yazı Müsabiqəsi

“Azercell Telekom” BM-nin keçirdiyi və keçən ilin ikinci yarısı ərzində jurnalistləri həyəcan içində saxlayan “Bizi Birləşdirən Dəyər” müsabiqəsinin nəticələri açıqlandı. Müsabiqə qaliblərinə mükafatların təqdimat mərasimi “Hyatt Regency” otelində baş tutdu.

Mərasimdə ilk sözü “Azercell Telekom” BM-nin baş müdiri Halim Ateş söylədi. Yenə xoş bir səbəb üzündən jurnalistlərlə bir araya gəldiyini vurğulayan baş müdir “Azercell” ilə media nümayəndələri arasında çox gözəl münasibətlərin olduğunu dedi. Onun fikrincə, həm “Azercell”, həm də Kütləvi İnformasiya Vasitələri eyni məqsəd uğrunda çalışır: “Siz insanlara informasiya çatdırırsınız, biz isə “Azercell” olaraq sizlərin bu işi rahat görmənizə yadım edirik. Çalışırıq ki, insanlar çox rahat şəkildə istədikləri bilgini əldə edə bilsinlər. Bu mənada mətbuatla “Azercell” bir-birini tamamlayır. Biz yalnız birlikdə hərəkət edəndə, birgə inkişaf edəndə güclü oluruq”.

Halim Ateş ötən il “Azercell Telekom”un başladığı “İnkişafı Paylaşmaq Platformasını” xatırladaraq qeyd etdi ki, bu istiqamətdə onlar Azərbaycanda peşəkar jurnalistikanın inkişafına üstünlük veriblər: “Bu strategiya Kütləvi İnformasiya Vasitələri ilə sıx münasibətlərimizin yeni mərhələsidir və onun əsas məqsədi regionun aparıcı texnoloji şirkəti olaraq, əldə etdiyimiz inkişafı cəmiyyətimizin güzgüsü olan mətbuatla paylaşmağımızdır. Şirkətimiz KİV-ə açıq olmaq və informasiya şəffaflığını təmin etmək prinsiplərinə sadiq qalmaqda davam edir. Biz hər zaman KİV-lə mövcud olan inamlı əlaqələrimizi qorumaq üçün əlimizdən gələni edirik”.

Halim Ateş bildirdi ki, keçən il həmçinin “Azercell” üçün yeni “Bizi Birləşdirən Dəyər” olan Korporativ Brendinin ictimaiyyətə təqdimatı ilə yadda qaldı: “Bu təbii ki,sadəcə bir sloqan deyildir. Bu, bütün bu illər ərzində, ölkədə fəaliyyətimiz boyunca çatdığımız səviyyəni, mərhələni əks etdirir. Biz bu şüarla insanların həyatına sözün əsl mənasında dəyər qatan bir şirkət olduğumuzu elan etdik. 11 il ərzində biz Azərbaycana xidmət etməkdən qürur duymuşuq və indi istəyirik ki, Azərbaycan bizimlə qürur duysun və biz Azərbaycanın qürur duyacağı şirkət olaq. Əgər xatırlayırsınızsa Korporativ Brendimizi təqdim etdiyimiz bu məkanda biz həmçinin jurnalistlər üçün “Bizi Birləşdirən Dəyər” mövzusunda Yazı Müsabiqəsi elan etdik. Müsabiqənin əsas məqsədi jurnalistlərin dəyər hesab etdikləri anlayışlar haqqında maraqlı yazılar hazırlayıb, bu dəyərləri oxucularla paylaşmaqlarını təmin etməkdən ibarətdir”.

Çıxışında baş müdir Halim Ateş “Bizi Birləşdirən Dəyər” müsabiqəsinin məqsədlərindən də danışdı. Onun dediyinə görə, yarışmaya bu cür ad seçilməsi təsadüf deyil: “İstədik ki, bəlkə də zaman-zaman unudulan, gənclərə ötürə bilmədiyimiz dəyərlər gündəmə gəlsin. Əgər biz bu dəyərlərə sahib çıxmasaq, unutsaq, sonra onlar başqa ölkələrə aid olan dəyərlər kimi xatırlanacaq. Müsabiqənin təşkilində əsas məqsədimiz də elə bu idi – bu dəyərlərə sahib çıxmaq, onları anlatmaq, yeni dəyərlər yaratmaq və insanlarla paylaşmaq”.

Onun sözlərinə görə, müsabiqə nəticəsində bu məqsədə nail olundu: “Əslində, mən müsabiqənin “yazı yarışması” kimi yox, çalışma adlandırılmasının tərəfdarıyam. Birlikdə gözəl bir çalışma həyata keçirdik. Ümid edirəm ki, siz bundan sonra da keçmiş dəyərlərə sahib çıxacaq və yenilərinin yaradılması üzərində işləri davam etdirəcəksiniz”.

O ki qaldı, “Azercell”in media ilə əlaqələrinə, cənab Halim Ateş bu münasibətlərin davam etdiriləcəyini və bu cür layihələrin bundan sonra da həyata keçiriləcəyini bildirdi.

Daha sonra müsabiqəyə təqdim olunan yazıları qiymətləndirən münsiflər heyətinin sədri, BDU-nun jurnalistika fakültəsinin müəllimi Akif Rüstəmov çıxış etdi. O, Azərbaycanın hər bir yerində “Azercell”in nəfəsinin duyulduğunu, hər bir kəsin bu şirkətin adını tanıdığını dedi. Akif Rüstəmov münsiflərin müsabiqəyə verilən adı da bəyəndiklərini bildirdi. Onun dediyinə görə, yarışmaya 70-ə yaxın məqalə təqdim olunub. Münsiflərin hər biri yazıların hamısını oxuyub və onlara 10 ballıq şkala ilə xal verib. Nəticədə heyət üzvlərinin qiymətləri 90 faiz üst-üstə düşüb. Qiymətlər nisbətən fərqlənən yazılar isə yenidən müzakirə olunub. Akif Rüstəmov bütün jurnalistlərə yalnız faktlara arxalanmağı, həqiqəti yazmağı arzuladı. Onun fikrincə, “Azercell”in təşkil etdiyi bu müsabiqə öz möhtəşəmliyi ilə seçildiyindən, digərlərinə nisbətən daha çox yaddaqalan olacaq.

Sonra müsabiqə qaliblərinin adları açıqlandı:

“Bizi Birləşdirən Dəyər” mövzusunda ən yaxşı reportaj

III yer – “Vətəndən vətənə uzanan yol” yazısı ilə Nadir Azəri (“Xəzər” qəzeti) - məqalə

II yer – “Üç görüş” yazısı ilə Novruz Novruzov (“Euro-xəbər”) - məqalə

İkinci II yer – “Bir dəfə Amerikada” yazısı ilə Gültəkin Hüseynova (“Azadlıq” qəzeti) - məqalə səhifə 1, səhifə 2

Bizi Birləşdirən Dəyər” mövzusunda ən yaxşı publisistik yazı

III yer – “Xocalı, əsir sevgi, və “evcik-evcik” oyunu” yazısı ilə Nicat İntiqam (“Zaman” qəzeti) - məqalə

İkinci III yer -“О стакане, который на половину полон” - yazısı ilə İsmayıl İsmayılov (“Mediaforum” saytı) - məqalə səhifə 1, səhifə 2, səhifə 3, səhifə 4

II yer – “Cəhənnəmdən gələn qonaq” yazısı ilə Mustafa Hacıbəyli (“Yeni Müsavat” qəzeti) - məqalə

I yer – “Bir təşəkkürün tarixçəsi və ya Silahlı Qüvvələr Günündə görüşənədək” yazısı ilə Əbülfəz Qasımov (“Elçi” qəzeti) - məqalə

“Bizi Birləşdirən Dəyər” mövzusunda ən yaxşı jurnalist tədqiqatı

III yer – “Anam yox ki ana məni” yazısı ilə Fərəh Sabirqızı (“Gün səhər” qəzeti) - məqalə

II yer – “Sonuncu Məcnun” yazısı ilə Zakir Murad (“Ayna” qəzeti) - məqalə səhifə 1, səhifə 2

I yer – “Əlil əlilliyini sübut edincə” yazısı ilə Samirə Əhmədbəyli (“Ekspress” qəzeti) - məqalə

“Bizi Birləşdirən Dəyər” mövzusunda ən yaxşı foto illüstrasiya

Yalnız III yer – Ağəli Məmmədov “Lahıc dünyası” foto illüstrasiyasına görə (“Azərbaycan” qəzeti) - illustrasiya

Hər nominasiya üzrə birinci yeri tutanlara DATA kartlı notebook, ikinci yer sahiblərinə masaüstü kompüter, üçüncü yerə çıxanlara isə 3G texnologiyasını dəstəkləyən mobil telefonlar hədiyyə olundu.

Lakin hər dəfə olduğu kimi “Azercell Telekom” bu işində də yenilik tətbiq etdi. Belə ki, şirkətin mətbuat katibi Rüfət Abbasovun sözlərinə görə, “Azercell” rəhbərliyinin təşəbbüsü ilə müsabiqədə iştirak edən jurnalistlərin hamısının işi qiymətləndirildi və yer tutmayan iştirakçıların hamısına rəqəmsal diktofon və digər dəyərli hədiyyələr təqdim olundu.

Tədbirdən görüntülər


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr