Azercell və SimSim abonentlərinə xoş xəbər SMS 50% endirimləBakı, 25 mart 2002 Ən qədim zamanlardan bəri bütün dünyada insanlar bir-birindən hal-əhval bilməyə, bir-biri ilə xəbərləşməyə ciddi ehtiyac duymuşlar.
Min illər boyu bu ehtiyacları ödəmək üçün müxtəlif vasitələrdən, o cümlədən göyərçinlərdən, feydyegerlərdən, teleqrafdan, teletaypdan və digər mətn mesajı göndərən vasitələrdən istifadə etmişlər.
Lakin mətn mübadilələrinin artması və onların operativliyinin yüksəlməsi gündəliyə yeni texnoloji avadanlıqların işlənib-hazırlanması zərurətini çıxardı ki, bunun da təbii nəticəsi kimi GSM-də Qısa Mesaj Servisi meydana çıxdı. Texnologiyanın ən son nəaliyyətləri sayəsində mətn mesajları ilə xəbərləşmənin ən yeni və etibarlı forması kimi Qısa Mesaj Servisi populyarlaşdı.
MesajCELL vasitəsi ilə dünyanın istənilən nöqtəsindəki GSM abonenti ilə Qısa Mətn Mesajı mübadiləsi edə bilərsiniz. Danışmaq mümkün olmadıqda isə (iclasda, kinoteatrda, konsertdə və s.) və ya sadəcə olaraq bu və ya digər informasiyanı səslə deyil, mətn mesajı vasitəsi ilə çatdırmaq istədikdə MesajCELL əvəzedilməz ünsiyyət vasitəsinə çevrilir.
SMS xidmətinin Sizə nə dərəcədə faydalı olduğunu qiymətləndirməkdən ötrü ondan faydalanmaq lazımdır. Bu xidmətdən istifadə olduqca sadədir. Belə ki, Azercell'in Mesaj Mərkəzinin nömrəsini: +994 50 910-33-00 telefon menyusuna daxil etmək lazımdır.
Azercell Telecom B.M. bu xidmət növünü Azərbaycanda çoxdan tətbiq edir. Lakin insanların rabitə imkanlarını genişləndirmək və Qısa Mesaj servisindən faydalanmanı stimullaşdırmaq istəyir.
Bu məqsədlə Azərbaycan Respublikasının sakinlərinin və ölkə qonaqlarının mətn mesajları ilə mübadilə imkanlarının asanlaşdırması üçün Azercell və SimSim abonentləri üçün Azercell Telecom B.M. həftənin yeddi günü və günün 24 saatı 50% endirimin tətbiqinə keçir.
İndi Azercell abonentləri qısa mesajlar üçün əvvəl olduğu kimi 485 manat deyil, 242 manat (ƏDV xaric) ödəyəcəklər. SimSim abonentləri isə qısa mesajlar üçün 22 kontur deyil, 11 kontur sərf edəcəklər. Abonentlər 160-a qədər hərfdən ibarət qısa mətn mesajlarını göndərmək imkanına malikdirlər. Azercell Telekom MMC Mətbuat Xidməti |