Azercell-dən daha bir rouminq müqaviləsiBakı, 05 aprel 2005 Azərbaycanın mobil rabitə bazarında yüksək səviyyəli və keyfiyyətli xidmətləri ilə ad qazanan Azercell Telecom BM beynəlxalq rabitəyə inteqrasiyasını davam etdirir. Şirkət daha bir xarici operatorla — İordaniyanın XPress operatoru ilə rouminq sazişi imzalayıb.
Mədəniyyət yurdu adlandırılan İordaniya, gözəllik və əsrarəngiz təzadlar ölkəsidir. Bu qədim, həm də müasir ölkə sərgüzəştli turistlərlər üçün müxtəliflik, təhlükəsizlik və qonaqpərvərlik vəd edir. Bundan sonra Müqəddəs Torpağın "ürəyində" yerləşən bu ölkədə işgüzar və istirahət səfərində olan Azercell abonentləri özlərini daha rahat hiss edə bilərlər. Daha rahat — ona görə ki, XPress Azercell-in İordaniyada tərəfdaşlığa başladığı ikinci rouminq operatorudur. Azercell bu ölkədən artıq 15 dekabr 1998-ci ildən etibarən danışır. Buna İordaniyanın Fastlink şirkəti ilə imzalanan müqavilə imkan verir.
Azercell-in bir ölkənin müxtəlif operatorları ilə rouminq əlaqəsi qurması olduqca müsbət haldır. Bu, Azercell abonentlərinə daha rahat və etibarlı rabitə qurmağa imkan yaradır. Ümumilikdə isə, bu günə qədər Azercell Telecom BM 104 ölkənin mobil rabitə operatorları ilə 230 rouminq sazişi bağlayıb. Qeyd edək ki, bu müqavilə 2005-ci ildə imzalanan 22-ci müqavilədir. Azercell Telekom MMC Mətbuat Xidməti |