Onlar yenə görüşdülər…Bakı, 20 may 2005 “Azercell Telecom” un təşkilatçılığı ilə görkəmli Azərbaycan rəssamları Vəcihə Səmədova və Lətif Feyzullayevin birgə sərgisi açıldı.
Həyatımızı yaxşı insanlar, sevindirici hadisələr və təbii ki, əlvan rənglər gözəlləşdirir. Günəşin sarısı, səmanın mavisi, qürub çağının al qırmızısı olmadan nə qədər sönük yaşaya biləcəyimizi təsəvvür etmək çətin deyil. Rəngləri yerli-yerində düzmək qabiliyyəti isə bir ana təbiətə, bir də rəssamlara məxsusdur.
Səttar Bəhlulzadə adına Sərgi Salonunda Azərbaycanın iki görkəmli rəssamının — əməkdar incəsənət xadimləri Vəcihə Səmədovanın 80, Lətif Feyzullayevin 85 illik yubileylərinə həsr olunmuş sərgidə də sənətsevərlər rənglərin əsrarəngiz aləminə, pozulması mümkün olmayan harmoniyasının sehrinə düşmüşdülər.
Tədbiri giriş sözü ilə mədəniyyət naziri Polad Bülbüloğlu açdı. O, V. Səmədova və L. Feyzullayevin Azərbaycan boyakarlığının inkişafında böyük rol oynadıqlarını və onların əsərlərinin ölkəmizi bütün dünya sənətsevərlərinə tanıtdığını söylədi. Nazir həmçinin belə tədbirlərin təşkilində qabaqcıl şirkətlərin əməyini yüksək qiymətləndirərək, “Azercell”ə Mədəniyyət Nazirliyi adından təşəkkürünü bildirdi. Daha sonra çıxış edən gənc rəssam, V. Səmədova və L. Feyzullayevin nəvəsi Aqşin Mirfeyzullazadə “Azercell” şirkətinə sərgini yüksək səviyyədə təşkil etdiyinə görə dərin təşəkkürünü bildirdi. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov isə L. Feyzullayevin tələbəsi olaraq ondan çox şey öyrəndiyini və hər iki rəssamı sadə, təvazökar insan kimi xatırladığını vurğuladı.
Qeyd edək ki, sərgidə Vəcihə Səmədova və Lətif Feyzullayevin əsasən ötən əsrin 50-70-ci illərində yaratdıqları Bolqarıstan tabloları, Abşeron mənzərələri, həmçinin məşhur şəxslərin portretləri nümayiş olunurdu. Əminliklə söyləmək olar ki, müxtəlif səpkili əsərlər qeyri-adi güclə tamaşaçıları zamandan-zamana, məkandan-məkana apara bildilər. Bu güc təbii ki, həyat yollarında qoşa addımlayan iki boyük rəssamın fırçasının gücü idi. Sərgidəki qonaqlara Azərbaycanın rəssamlıq tarixində ilk dəfə olaraq Azercell-in buraxdığı sənətkarların tablolarından ibarət Kompakt Disk və kataloq hədiyyə edildi. Sərgi mayın 27-nə qədər davam edəcək. Azercell Telekom MMC Mətbuat Xidməti |