Aralıq dənizinin mirvarisi Azercell abonentləri üçünBakı, 11 iyun 2005 Azərbaycanın mobil rabitə bazarında yüksək standartlar və keyfiyyətli xidmətlər tətbiq edən Azercell Telecom BM beynəlxalq rabitəyə inteqrasiyasını davam etdirir. Ölkəmizin mobil rabitə nəhəngi öz abonentlərinə daha bir yeni ölkədən rahat danışmaq üçün növbəti addım atıb. Tunisin "Orascom Telecom Tunisie" operatoru ilə rouminq müqaviləsi bağlanıb.
…Tunisi haqlı olaraq Aralıq dənizinin mirvarisi adlandırırlar: mavi buxtalar, sonsuz çımərliklər, portağal və limon bağları, çiçəklənən jasmin, gözəl palmalar və bol-bol günəş! Ötən pun, rum, ərəb və qərb sivilizasiyasından miras qalan zəngin mədəni irsin və ayaq dəyməmiş vahələrin məkanı olan Tunis, turistlər diyarıdır. Bundan sonra bu ölkədə istirahət və işgüzar səfərdə olan Azercell abonenti öz nömrəsi ilə rahat zəng qəbul edə və istədiyi yerə zəng vura bilər.
Beynəlxalq mobil rabitə biznesində operatorun etibarlı rouminq partnyorlarının sırasının genişliyi, onun əhatə dairəsinin hüdudsuz olduğunun göstəricisidir. Bu isə həm şirkətə, həm də onun məxsus olduğu ölkəyə əlavə nüfuz qazandırır. Ona görə də Azercell-in dünyanın müxtəlif operatorları ilə fasiləsiz rouminq əlaqələri qurması istiqamətindəki göstərdiyi səylər təqdirəlayiqdir.
Ümumilikdə isə, bu günə qədər Azercell Telecom BM 105 ölkənin mobil rabitə operatorları ilə 231 rouminq sazişi bağlayıb. Qeyd edək ki, bu müqavilə 2005-ci ildə imzalanan 23-cü müqavilədir… Azercell Telekom MMC Mətbuat Xidməti |