“Canim Məmləkətim” qubada da oldu!Bakı, 08 avqust 2005 Azercell Telekom BM-in 2005-ci il üçün təqdim etdiyi “Milyonların kampaniyası!” çərçivəsində müğənni Zülfiyyə Xanbabayevanın “Canım, məmləkətim!” layihəsi uğurla davam etməkdədir. Layihə çərçivəsində növbəti möhtəşəm konsert avqust ayının 5-də Quba şəhərində oldu. Qeyd edək ki, “Canım, məmləkətim!” layihəsi 22 iyulda Gəncə şəhərindən başlayıb. Adıçəkilən tədbir hazırda Azərbaycanda ən böyük səyyar konsert layihəsidir.
Gəncədə olduğu kimi, Quba şəhərinə də səfər konsertdən 1 gün əvvəl başlandı. Zülfiyyə xanım və konsertin təşkilatçı qrupu Quba Olimpiya Kompleksində dayandılar. Müğənni həmin gün şəhər gəzintisinə çıxaraq, uşaqlıq illərini başa vurduğu yerləri bir daha xatırladı.
Konsertdən bir gün əvvəl Zülfiyyə Xanbabayeva həmçinin yerli televiziya kanallarından birinin — “Qütb” TV-nin qonağı oldu. Telefon bağlantısına qoşulub ayrı-ayrı pərəstişkarlarından xoş sözlər eşitdi, Azərbaycanda incəsənətin hazırki durumuna aid sualları cavablandırdı. O, canlı yayımla çıxış edərək bütün Quba sakinlərini konsertə dəvət etdi.
Azercell Telekom BM-in böyük diqqəti nəticəsində düzənlənən bu xalq konserti, təşkilatçılıq baxımından dünya standartlarına uyğun şəkildə həyata keçirildi. Müğənni səyyar qrim otağı, səyyar səhnə, işıq və səs qurğuları, sahəsi 100 kv.m olan səhnə ilə təmin olundu. Konserti yüksək səviyyədə təşkil etmək üçün yaradıcı heyət böyük əmək sərf etdi. “Miyonların Kampaniyası”nın 2-ci konserti saat 21.00-da Quba meydanında başladı. Konserti izləmək üçün nəinki Quba və ətraf kəndlərin sakinləri, həmçinin digər rayonlardan, o cümlədən Nabranda dincələn yüzlərlə həmvətənimiz Quba meydanına üz tutmuşdu. Bəstəkar Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” qrupu “Milyonların Kampaniyası”nın himnini ifa etdikdən sonra konsert proqramı açıq elan olundu. Müğənni layihənin sahibəsi seçildiyi üçün pərəstişkarlarına və Azercell Telekom BM-in bütün əməkdaşlarına təşəkkür etdi. Sonra Zülfiyyə xanım 3 saat ərzində bir-birinin ardınca öz təkrarolunmaz repertuarını ifa etdi. Qubanın məşhur “Ağ alma”sı bir daha xatırlandı. Xüsusi olaraq Quba konserti üçün nəzərdə tutulan 2 mahnı tamaşıçılarla birgə ifa olundu. Konsertarası “Lider TV”-nin səyyar kameraları Quba konsertinin görüntülərini birbaşa efir vasitəsilə bütün Azərbaycana nümayiş etdirirdi. Tamaşaçı kütləsi bir yerdə “Stop” düyməsini basaraq “Milyonların Kampaniyası” lotereyasında iştirak edən 222 Azercell abonentinin ikisini bir anda 20 milyon manatın sahibi etdi.
Konsertdə Zülfiyyə Xanbabayeva “Sual” musiqi qrupu ilə birgə duet ifa etdi. “Todes” rəqs qrupu davamlı olaraq səhnədə müğənnini öz rəqsləri ilə müşayiət edirdi. Son olaraq Zülfiyyə Xanbabayeva öz mahnılarından ibarət popuri ilə çıxış edib, tamaşaçıların səbirsizliklə gözlədiyi “Azərbaycan” mahnısı ilə konserti bitirdi.Musiqi səslənən zaman Quba meydanı atəşfəşanlıq bürüdü.
Bütün Azərbyacan xalqına xoş əhval-ruhiyyə bəxş etmək üçün Azercell Telekom BM kampaniya çərçivəsində ayda iki dəfə olmaqla ölkənin müxtəlif şəhər və bölgələrində respublikanın əməkdar artisti Zülfiyyə Xanbabayevanın iştirakı ilə açıq havada konsert proqramlarını davam etdirəcək. Beləliklə, gözləyin: 19 avqust — Şəkidə, 2 sentyabr — Naxçıvanda, 16 sentyabr — Lənkəranda və nəhayət 30 sentyabr — Bakıda! Azercell Telekom MMC Mətbuat Xidməti |