Azercell “Dahiləri Anarkən” gecəsini təşkil etdiBakı, 07 avqust 2005 Azercell Telekom Birgə Müəssisəsinin dəstəyi və təşkilatçılığı ilə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında iki axşam ərzində möhtəşəm bir layihə baş tutdu. Pianoçu Murad Adıgözəlzadənin və rəssam Aida Mahmudovanın iştiraki ilə keçirilən “Dahiləri Anarkən” adlı bu layihə Üzeyir Hacibəyovun 120 illik yubileyinə həsr olunmuşdu.
Təşrif buyurmuş qonaqlar ilk əvvəl Aida Mahmudovanın foyedə təşkil olunmuş rəsm sərgisinə tamaşa etdilər. Gecəni giriş sözü ilə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Polad Bülbüloğlu açaraq Azercell BM-ə möhtəşəm gecə üçün təşəkkürünü bildirdi. Musiqişünas Fərəh Əliyeva isə Üzeyir bəyin həyat və yaradıcılıqından maraqlı faktlar danışdı. Dahi bəstrəkarın “Koroğlu” operasından Uvertüra ilə başlanan konsert ərzində tamaşaçılar Moskva Dövlət Filarmoniyasinin solisti Murad Adıgözəlzadənin ifasında dünya musiqi mədəniyyətinin korifeylərindən olan alman bəstəkari Lüdviq Van Bethovenin fortepiano və simfonik orkestr üçün 5 məşhur konsertini dinlədilər. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiət etdiyi konsertə dirijorluğu Azərbaycan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı, professor Rauf Abdullayev etdi.
Əminliklə qeyd edə bilərik ki, konsert zalını yüksək əhval-ruhiyyə ilə tərk edən qonaqlar hələ uzun müddət bu gecənin bəxş etdiyi xoş təəssüratları unutmayacaqlar.
Bu möhtəşəm layihəyə dəstək verən Azercell Telekom BM Azərbaycan xalqına mənəvi zövq və yüksək əhval-ruhiyyə bəxş etməkdən qürur duyur. Azercell Telekom MMC Mətbuat Xidməti |