“Azercell”dən daha 2 GPRS/MMS rouminqiBakı, 06 yanvar 2006 Azərbaycanın mobil rabitə nəhəngi “Azercell Telekom” BM beynəlxalq rabitə imkanlarını genişləndirməkdə davam edir. Mobil rabitə bazarında daim keyfiyyətli xidmətlər tətbiq edən “Azercell Telekom” öz abonentlərinin daha iki ölkədən rahat danışması üçün növbəti addım atıb. Belə ki, şirkət bu dəfə Türkiyənin “Avea” və Özbəkistanın “Uzdunrobita” operatoru ilə GPRS/MMS rouminq müqaviləsi imzalayıb.
Qeyd edək ki, bu, Türkiyənin sayca ikinci operatoru ilə bağlanan GPRS/MMS müqaviləsidir. Ölkəmizin mobil rabitə sistemində ilk dəfə olaraq məhz “Azercell Telekom“ tərəfindən GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Tətbiq olunan rouminq xidmətinin bu yeni növü “Azercell Telekom” BM və Turkiyənin aparıcı mobil operatoru “Turkcell” arasında imzalanmış müqavilə əsasında tətbiq olunmağa başlayıb.
Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan, onu dəstəkləyən dost və qardaş ölkədir. Ölkələrimiz arasında iqtisadi münasibətlər də dinamik inkişafdadır. “Azercell Telekom” və “Avea” arasında istifadəyə verilən yeni GPRS/MMS rouminq xidməti işgüzar və istirahət səfərində olanların daha rahat və geniş çeşiddə xidmət almasına yardım edəcək. Sıx rabitə əlaqələri və yeni-yeni xidmətlər ölkələrimizin daha da yaxınlaşmasına imkan yaradacaq.
Amu-Dərya və Sır-Dərya çaylarının arasında yerləşən Özbəkistan Mərkəzi Asiya respublikaları arasında ən maraqlı tarixə malik olan dövlətlərdən biridir. Özbəkistan inkişaf etmiş ölkə olmaqla yanaşı həm də qədimliyin ruhunu özündə saxlayir. İndi burada olan hər bir Azercell abonenti “Uzdunrobita” operatorunun xidmətindən istifadə edərək GRPS/MMS xidtindən də yararlana biləcək.
Qeyd edək ki, bu günə qədər “Azercell Telekom” BM 14 ölkənin mobil rabitə operatorları ilə 22 GPRS/MMS rouminq sazişi bağlayıb. Azercell Telekom MMC Mətbuat Xidməti |