Uşaqların “DE!”dikləri KİTABA DÜŞDÜ!Bakı, 10 yanvar 2006 Çoxdan gözlədiyimiz “DE!” şer və hekayə kitabı nəhayət ki, işıq üzü gördü!
Qeyd edək ki, bu kitab, uşaqlarla yaxından dostluq edən və onlara hər zaman qayğı göstərən “Azercell Telekom” BM-in azyaşlılar arasında elan etdiyi “DE! Dildən-dilə, Eldən-elə” şer və hekayə müsabiqəsi çərçivəsində nəşr edildi. Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunan müsabiqə 14 noyabr 2004-cü il tarixindən start götürmüşdü.
“DE!” layihəsinin əsas məqsədi istedadlı uşaqları üzə çıxarmaq idi. Bu məqsədə nail olmaq üçün bütün bölgələrdən olan uşaqların iştirakını təmin etmək vacib idi. Ona görə də ölkəmizin hansı bölgəsində, ailədə və yaxud internatda yaşamasından asılı olmayaraq, bütün uşaqlara bu müsabiqədə iştirak etmək üçün lazımi şərait yaradıldı. Belə ki, “Azercell Telekom” respublikamızın 19 müxtəlıf bölgəsinin 64 uşaq evləri və internat məktəblərində, eləcə də “Azercell Ekspres” ofislərində xüsusi qutular yerləşdirdi. Uşaqlar isə sanki bunu gözləyirlərmiş. Bir anda bu yarışa qoşuldular. Kövrək qəlblərindən süzülən sözləri kağıza köçürərək qutulara atdılar. Göndərilən bütün şer və hekayələr bu qutulardan yığılaraq münsiflər heyətinə təqdim olundu.
Layihə məqsədinə nail oldu! Bu müsabiqə bütün Azərbaycanı əhatə etdi və Azərbaycan xalqının dilində dillər əzbəri oldu! Müsabiqənin qalibləri təntənəli tədbirdə dəyərli hədiyyələrlə mükafatlandırıldılar: I yerin sahibləri Laptop tipli kompüter və birillik “Azeronline” İnternet bağlantısı əldə etdilər. II yeri tutan üç uşağın hər birinin adına Beynəlxalq Bankda hesab açıldı və “Azercell Telekom” bu hesablara ayrı-ayrılıqda 2500 ABŞ dolları həcmində vəsait qoydu və vurğuladı ki, bu vəsait ildən-ilə artaraq, uşaqlar yetkinlik yaşına çatdıqda onların şəxsi istifadəsinə veriləcək. III yeri tutanlar fərdi kompüter və kompüter üçün tədris kitabları ilə mükafatlandırıldılar. Qalib gəlməyənlər də kənarda qalmadılar. Onların və qaliblərin şer və hekayələri “DE!” kitabında toplandı. “DE!” kitabının təqdimatı isə bu möhtəşəm layihənin finalı oldu!
Qeyd edək ki, bu kitab “Azercell Telekom” BM tərəfindən pulsuz olaraq uşaq evlərinə və məktəblərə paylanacaq!
“Azercell Telekom” BM istedadlı balalarımızı üzə çıxarmaq üçün belə tədbirləri növbəti illərdə də həyata keçirərək bütün uşaqları öz ətrafında birləşdirəcək. Azərbaycan xalqı isə özünün istedadlı gələcəyini tanıyacaq!
Azercell Telekom MMC Mətbuat Xidməti |