“Azercell Telekom” BM-dən neft akademiyasina hədiyyəBakı, 27 mart 2006 “Azercell Telekom” Birgə Müəssisəsi ölkəmizdə ictimai-sosial sərmayələr təşəbbüsünü davam etdirir. Novruz bayramı ərəfəsində çadır şəhərciklərinə şəfərin ardınca şirkət nümayəndələri Azərbaycan Dövlət Neft Akademiyasinda oldular. Onlar Akademiyanın yaradici kollektivi və tələbələrlə görüşdülər. Ölkəmizin mobil rabitə lideri Akademiyaya 25 ədəd kompüter dəsti hədiyyə etdi.
Tədbirdə “Azercell Telekom” BM-in Korporativ Əlaqələr Bölümünün rəhbəri Kamilə İsayeva çıxış etdi. Kamilə xanım bildirdi ki, bu elm ocağı ilə çox sıx əlaqələr yaranıb: “Azərbaycan qədim neft ölkəsidir. Bu məktəbin yetirmələri ölkəmizin enerji-yanacaq sektoruna böyük uğurlar qazandırıblar və deməli, ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayıblar. Yerli neft mütəxəssisləri yalnız Azərbaycanda deyil, qonşu ölkələrdə neft yataqları kəşf ediblər. Neft Akademiyasında yalnız azərbaycanlı gənclər deyil, həm də uzaq və yaxın xaricdən minlərlə tələbə təhsil alıb. Bu bir daha sübut edir ki, Neft Akademiyası qədim ənənələrə malik yüksək səviyyəli bir təhsil ocağıdır. Mən Akademiya rəhbərliyinə və müəllımlərə bu ənənənin davam etdirilməsində uğurlar arzulayıram. Bu çətin və olduqca önəmli işin öhdəsindən gəlməkdə şirkətimizin bundan sonra da sizlərə yardımçı olacağını bildirirəm!”
Neft Akademiyasının Elm və Texnika işləri üzrə prorektoru Ramiz Hümbətov çıxış edərək, göstərilən qayğı və dəstəyə görə “Azercell Telekom” BM-ə və onun rəhbərliyinə təşəkkür etdi.
Qeyd edək ki, ölkəmizin mobil rabitə lideri “Azercell Telekom” üçün Neft Akademiyasına dəstək olmaq artıq ənənəvi hal alıb. Belə ki, artıq 2 ildir Akademiyanın tədris otağındakı kompüterlər “Azeronline” tərəfindən internet bağlantısı ilə təmin olunur. Bundan əlavə, operator 6 ildir ki, tələbələrin apardıqları elmi tədqiqat işlərinin nəticələri haqqında ictimaiyyətə geniş məlumat vermək, tələbələr arasında informasiya mübadiləsi təşkil etmək və onlara auditoriya qarşısında elmi məruzə ilə çıxış etmək təcrübəsini qazandıran ADNA-nın elmi-texniki konfranslarına baş sponsorluq edir.
“Azercell Telekom” BM Neft Akademiyasının elmi-texniki bazasının yeniləşməsi, informasiya dəstəyi və burada yetişən gənc mütəxəsislərin elmi fəaliyyətə həvəsləndirilməsi istiqamətində atdığı addımları bundan sonra da davam etdirəcək. Azercell Telekom MMC Mətbuat Xidməti |