“Azercell Telekom” BM “Ilin GSM şirkəti” mükafatina layiq görülübBakı, 03 aprel 2006 “Azercell Telekom” BM-nin son illər bir-birinin ardınca əldə etdiyi uğurlar, Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələr, ölkə mədəniyyəti və incəsənətinə, idmanına, təhsilinə verdiyi dəstək, eləcə də xeyriyyəçilik fəaliyyəti ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilir. Bunu şirkətin layiq görüldüyü saysız mükafat və diplomlar da sübüt edir. Belə ki, “Azercell Telekom” BM-nə verilən ən son mükafat, “Caspian Energy” Beynəlxalq Analitik Jurnalı tərəfindən, “İlin GSM Şirkəti” nominasiyasında, “Caspian Energy Integration Award — 2006” oldu.
Təqdimat mərasimində çıxış edən Sənaye və Energetika naziri Natiq Əliyev Azərbaycanın son illər əldə etdiyi iqtisadi uğurlardan danışaraq, “Azercell Telecom” BM ilə yanaşı, mükafatlandırılan şirkətlərin bu sahədə əllərindən gələni əsirgəmədiklərini bildirdi. Onun sözlərinə görə, “Xəzər İnteqrasiya İşgüzar Klubu”na (Caspian Integration Business Club) daxil olan şirkətlərin hər biri təmsil etdikləri sahədə ölkəmizin beynəlxalq arenada iqtisadi imicinin gücləndirilməsi üçün əvəzsiz işlər görürlər.
İqtisadi İnkişaf Naziri Heydər Babayev isə təqdimat mərasimində iştirak edən şirkətlərin Azərbaycanın aparıcı şirkətləri olduğunu və bu səbəbdən onların ağır zəhmət tələb edən fəaliyyətlərini qiymətləndirməyin vaxtı gəlib çatdığını dilə gətirdi. “Azercell Telekom” BM-nə “İlin GSM Şirkəti” nominasiyasında “Caspian Energy Integration Award — 2006” mükafatının təqdim edilməsi də şirkətin 10 il ərzində abonentlərinə keyfiyyətli və beynəlxalq standartlara cavab verən xidmət göstərməsi ilə əlaqədardır. Belə ki, “Azercell Telekom” BM 2005-ci ildə də, öncəki illər kimi, dünya telekommunikasiya sahəsində baş verən ən son yenilikləri və istifadə olunan ən son texnologiyaları Azərbaycanda tətbiq edib. Şirkət adından mükafatı alan, “Azercell Telekom” BM-nin Marketinq Departamentinin təmsilçisi Nigar.
Miriyeva da öz növbəsində, bütün nominantları layiq görüldükləri mükafatlar münasibətilə təbrik edib və “Azercell Telekom” BM-nin gələcəkdə də Azərbaycanın inkişafı naminə ciddi cəhdlə işləyəcəyini bildirib. Azercell Telekom MMC Mətbuat Xidməti |