Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell Telekom" incəsənətimizin inkişafi sahəsində dəyərli addim atib

Bakı, 04 aprel 2006

“Azercell Telekom” BM Azərbaycan mədəniyyətinin inkişafı və qorunması sahəsində önəmli bir addım atdı. Mobil operator dahi bəstəkarımız Qara Qarayevin şəxsi royalının Azərbaycan mədəniyyətinə qaytarılmasına nail oldu. Məlumat üçün qeyd edək ki, bir vaxtlar dahi bəstəkarımız Qara Qarayev həmin royalı şagirdlərindən birinə hədiyyə etmişdi. Həmin şəxs vəfat etdikdən sonra musiqi aləti satışa çıxarldı. Bu haqda şirkətə Süleyman Ələsgərov adına Mədəniyyət Fondu tərəfindən məlumat verildi. Mobil rabitə biznesinin lideri royalı yüksək məbləğə aldı və bəstəkarın xatirəsini əbədiləşdirmək üçün bərpa edərək, Milli Konservatoriyaya hədiyyə etdi.

Royalın Milli Konservatoriyaya verilməsi müəllimlər və burada təhsil alan gənc musiqiçilər üçün əsl bayrama çevrildi. Təqdimatda Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, habelə görkəmli sənət xadimləıri, müəllimlər, tələbələr və çoxsaylı qonaqlar iştirak etdilər. Gənc musiqicilər bu münasibətlə öz istedadları ilə qonaqları valeh etdilər. Səyavuş Kərimi “Azercell Telekom” BM-in bu təşəbbüsünü yüksək qiymətləndirdi və dedi ki, "Azercell Telekom" BM atdığı bu addımla ölkəmizin mədəniyyəti üçün tarixi əhəmiyyət kəsb edən dəyərli musiqi alətini naməlum istiqamətdə aparılmaq və bəlkə də yox olmaq təhlükəsindən qurtardı. O, şirkət rəhbərliyinə Konservatoriyanın kollektivi adından təşəkkür etdi. Fərhad Bədəlbəyli dahi bəstəkarın şəxsi royalını yenidən Azərbaycan mədəniyyətinə qaytaran “Azercell Telekom” BM-ə təşəkkür etdi.

Ölkəmizin mobil rabitə biznesinin lideri mədəniyyətimizin, incəsənətimizin inkişafına və qorunmasına daim diqqət yetirir. Xatırladaq ki, "Azercell Telekom" mədəniyyətimizin inkişafı sahəsində Vəcihə Səmədovanın 80, Lətif Feyzullayevin 85 illik yubileyinə həsr olunmuş sərginin təşkilində böyük dəstək göstərmişdi. Şirkətin təşkilatçılığı ilə həmin rəssamların əl işlərindən ibarət disk buraxılıb, kataloq çap etdirilmişdi. Eyni zamanda mobil rabitə liderinin dəstəyi ilə pianoçu Murad Adıgözəlzadənin və rəssam Aida Mahmudovanın iştirakı ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunmuş "Dahiləri anarkən" adlı layihə gerçəkləşdirilmişdir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr