“Azercell Telekom” BM-in yeni Ön Masa Müştəri Xidmətləri Mərkəzi açildi!Bakı, 01 avqust 2006 Azərbaycanın mobil rabitə lideri abonentlərə yüksək standartlara uyğun, üzbəüz xidmət göstərmək üçün ölkədə analoqu olmayan yeni Müştəri Xidmətləri mərkəzini istifadəyə verdi!
Yeni xidmət mərkəzi paytaxtın B.Bağırova küçəsi, 2 ünvanında yerləşir. Ön Ofis abonentlərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şəraitlə və ən müasir avadanlıqlarla təmin olunub.
Yeni ofisdə abonentlərə xidmət göstərmək üçün 20 ədəd xidməti kassa, 2 ədəd bank kassası və korporativ abonentler üçün 3 kassa, 36 nəfərlik gözləmə yeri və bir sıra digər yeniliklər nəzərdə tutulub. Bundan əlavə, yeni Müştəri Xidmətləri mərkəzi səsboğucu tavanla, yüksək səviyyəli soyutma, mükəmməl işıqlandırma sistemi ilə təmin olunub və mərkəzin ətrafında avtomobillərin saxlanılmasına şərait yaradılıb.
Ön Ofisdə quraşdırılmış qabaqcıl avadanlıqlar abonentlərə peşəkar xidmət göstərməyə imkan verəcək. Növbənin müşahidə və idarə edilməsi üçün quraşdırılmış xüsusi avadanlıqlar isə abonentlərə müxtəlif seçim imkanı yaradır.
Qeyd edək ki, “Azercell Telekom” BM-in açılan yeni Müştəri Xidmətləri mərkəzi sayca üçüncüdür. Fəvvarələr meydanında yerləşən birinci Ön Ofis gündə orta hesabla 700-800 abonentə xidmət göstərir. Kampaniyalar keçirilən zaman isə mərkəzə gün ərzində müraciət edənlərin sayı 1000 nəfəri aşır.
Müştəri Xidmətləri mərkəzləri ilə yanaşı, “Azercell Telekom” abonentləri üçün Bakıda 5, respublikanın müxtəlif regionlarında isə 6 “Azercell Ekspress” ofisi fəaliyyət göstərir.
İstər Ön, istərsə də Ekspress ofislərinin açılmasında “Azercell Telekom” BM-in əsas məqsədi, hər saat sayı artan abonentlərinə yüksək səviyyəli xidmət göstərməkdir. Azercell abonentləri belə ofislərə müraciət edərək yaranan problemləri həll edə, arzuladıqları xidmətlərə qoşula və onları maraqlandıran suallara cavab ala bilərlər. Bununla yanaşı abonent, dəyəri heç bir ölçüyə sığmayan vaxta qənaət edir.
Ən müasir servislərin tətbiqi, keyfiyyətli xidmət, rahatlıq, yüksək abonent etimadı, vaxta qənaət - bunlar 10 il ərzində “Azercell Telekom” BM-ə uğur gətirən əsas amillər sırasındadırlar! Azercell Telekom MMC Mətbuat Xidməti |