Azərbaycan dilindəIn EnglishПо-русски

"Azercell Telekom" BM Baş müdiri "Rabitə" klubunun voleybolçuları ilə görüşdü.

Bakı, 20 sentyabr 2006

“Azercell Telekom” BM-in baş müdiri A.Halim Ateş şiirkətin baş ofisində “Rabitə” Voleybol Klubunun qadın komandasının üzvləri və klubun rəhbərliyi ilə görüşdü. Xatırladaq ki, “Azercell Telekom” BM bu komandaya 2004-cü ildən sponsorluq edir. Şirkətin dəstəyi ilə bu müddət ərzində komanda çoxsaylı uğurlara imza atıb. Ötən ilin sentyabr ayında MDB ölkələrinin Bakıda keçirilən Beynəlxalq İdman Oyunlarında qızıl medala layiq görülüb. Bu ilin iyun ayında isə Minsk şəhərində “Dostluq, sülh və sağlamlıq” şüarı altında keçirilmiş oyunda gümüş medala sahib olub.

Görüşdə “Rabitə” Voleybol Klubunun prezidenti Cəlil Cəfərov xatırlatdı ki, komanda bu yaxınlarda Belarusda keçirilən yarışda 2-ci yerə sahib olmaqla yanaşı, çimərlik voleybolunda Respublika çempionu adına da layiq görülüb. Oktyabr ayında yerli çempionata start veriləcəyini deyən C.Cəfərov bildirdi ki, komandanın Avropa yarışlarına vəsiqə qazanması bu oyunların nəticələrindən asılıdır. Qeyd edək ki, komandada təmsil olunan voleybolçu qızlar yarışlarda üzərinə “Azercell Telekom” yazılmış geyimlərlə çıxış edirlər.

Komandanın uğurlarından xəbərdar olduğunu bildirən cənab A. Halim Ateşin sözlərinə görə, “Azercell” bu cür layihələrə sponsorluq edərkən heç də reklam maraqları düşünmür. Şirkətin əsas məqsədi ölkə idmanına, ümumilikdə, Azərbaycana hansısa yolla xidmət göstərməkdir: “İstəyimiz bu komandanın hər zaman uğur qazanmasıdır. Bizim də bunda bir balaca əməyimiz varsa, çox sevinərik. Biz “Azercell Telekom” olaraq bu yolda öz dəstəyimizi davam etdirəcəyik”.

Görüşün sonunda A.Halim Ateş komandanın üzvlərinə hədiyyələr təqdim etdi və onlarla xatirə şəkilləri çəkdirdi.

Qeyd edək ki, “Azercell Telekom” fəaliyyətdə olduğu 10 il ərzində elm, təhsil, mədəniyyət sahələri kimi idmanın da inkişafına xüsusi diqqət ayırıb. 2004-cü ildə Yay Olimpiya Oyunlarında Yığma Komandamızın sponsorluğu, Bədii Gimnastika üzrə Azərbaycanın Yığma Komandasına ənənəvi dəstək, Şirkətin təşəbbüsü ilə keçirilən “Azercell Kuboku” uğrunda Mini Futbol Turniri çoxsaylı nümunələrdən bir neçəsidir.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr