Azercell 1000-i radio-baza stansiyasını quraşdırdı!
Bakı, 10 oktyabr 2006 “Azercell Telekom” BM əhatə dairəsini genişləndirmək və keyfiyyətli rabitə xidməti göstərmək ənənəsini davam etdirərək, artıq 1000-ci radio-baza stansiyasını quraşdırdı!
1000-ci stansiya Pirallahı qəsəbəsində ucaldıldı. Bu əlamətdar hadisə münasibətilə, qəsəbədə açılış mərasimi keçirildi. Tədbirdə qonaqlarla yanaşı, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.
Tədbirdə “Ericsson Telekommunikasyon AŞ” Azərbaycan nümayəndəliyinin müdiri Veysəl Aral, “Telko Plus” şirkətinin direktoru Rövşən Əliyev, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Müəssisələri ilə iş şöbəsinin müdiri Əflatun Məmmədov, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.
Mərasimi “Azercell Telekom”un Baş Müdiri A. Halim Ateş açaraq bunları söylədi: “Daim mobil rabitə bazarının inkişafina öz töhfəsini qatan “Azercell Telekom”, abonentlərini yüksək keyfiyyətli rabitə və geniş çeşidli xidmətlərlə təmin etmək üçün durmadan çalışır. Keyfiyyətli xidmət və dayanıqlı mobil rabitəni isə müasir avadanlıq və ötürücü stansiyalarsız təsəvvür etmək mümkün deyil. Məhz bu səbəbdən “Azercell Telekom” BM öz şəbəkəsinin əhatə dairəsini genişləndirmək və yüksək keyfiyyətli rabitə xidməti göstərmək üçün daim öz avadanlığını yeniləşdirir, abonentlərinin sayı artdıqca isə, yeni stansiyalar quraşdırır. Hazırda biz ölkə ərazisinin 74,5 faizini, əhalinin isə 98 faizini əhatə edirik. Abonentlərimizin sayı 2 milyonu ötüb. Həmişə zamanın nəbzini tutmağa çalışan “Azercell Telekom”, bu istiqamətdə səylərini davam etdirəcək. Şirkətimiz abonentlərimizə layiq olduqları keyfiyyətli xidməti təklif etmək üçün əlindən gələni edəcək”.
Qeyd edək ki, “Azercell Telekom” bu vaxta qədər 2 rezervləşdirilmiş аbonent bazası, 11 baza stansiyalarına nəzarətçi sistemi, 13 mobil rabitə kommutasiya mərkəzi və yalnız bu ilin 9 ayı ərzində 246 stansiya quraşdırıb. Bu antenaların əksəriyyətinin rayonlarda quraşdırılmasında başlıca məqsəd abonentlərin hətta ölkənin ən ucqar nöqtəsində olduqda belə, dayanıqlı rabitəyə malik olmasıdır. İstifadəçilərinin rahatlığı üçün durmadan çalışan “Azercell Telekom” ilin sonuna kimi daha 289 stansiyanın quraşdırılmasını planlaşdırır.
“Azercell Telekom” BM-in şəbəkəsinin əhatə dairəsini möhkəmləndirməsi mobil rabitənin insanların gündəlik həyatının müxtəlif sahələrində, o cümlədən biznesdə uğurla tətbiq olunmasına yardım edir. Amma bu avadanlıqları quraşdırarkən ölkənin aparıcı operatoru həm təbiətə, həm də insan sağlamlığına diqqət və qayğı ilə yanaşır. Qeyd edək ki, “Azercell Telekom” BM öz şəbəkəsinin ətraf mühit və sosial sahəyə təsirini qiymətləndirən ilk və yeganə mobil rabitə şirkətidir. Azercell Telekom MMC Mətbuat Xidməti |