Ilk fərdi informasiya vasitəniz - Simurq!Bakı, 15 dekabr 2006 Hər zaman abonentləri informasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi ilə sevindirən “Azercell Telekom” BM öz ənənəsinə sadiq qalaraq növbəti addımı atdı və öz 10 illik yubileyi günündə mobil telekommunikasiyada inqilabi dəyişikliklər edəcək “Simurq” xidmətini istifadəyə verdi! Muasir texnologiyalar əsasında hazırlanan və Azərbaycanda analoqu olmayan “Simurq” (İnteraktiv informasiya və əyləncə xidməti), abonentləri mobil telekommunikasiyanın yeni nəsil texnologiyalarına daha da yaxınlaşdıracaq. Layihənin, məhz bu gün istifadəyə verilməsini isə “Azercell” ailəsinə yubiley hədiyyəsi kimi dəyərləndirmək olar!
Xatırladaq ki, “Simurq” “Azercell Telekom” BM-in 12-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları – “Bakutel-2006” sərgisində ictimaiyyətə təqdim etdiyi önəmli layihədir.
“Simurq” xidməti abonentlər üçün fərdi informasiya vasitəsidir və bütün “Azercell” abonentlərinə xəbərləri interaktiv şəkildə seçib, daha ətraflı məlumatı sifariş etmək imkanı verir. “Simurq” abonentlərə dünyada baş verən ən müxtəlif və son yenilikləri operativ şəkildə çatdıracaq. Xidmətə qoşulmaq istəyən abonent sadəcə “Azercell” Müştəri Xidmətləri ofislərinə müraciət edərək “Simurq”u dəstəkləyən simkart götürməlidir. 3 ay ərzində Simkart dəyişikliyi 50% güzəştlə 3 AZN (ƏDV xaric) dəyərində olacaq. Ancaq “Simurq” xidmətinə qoşulmaq pulsuzdur. Yeni “Azercell” abonentləri üçün isə satışda “Simurq”u dəstəkləyən Simkartlar var.
Xidmətin aktiv olunması
Abonent “Simurq” xidmətini dəstəkləyən Simkart əldə etdikdən sonra, telefonun menyusunda xidməti aktiv etmək lazımdır. Sonra abonent telefonunu söndürüb, yenidən işə salmalıdır ki, xidmət sistemdə aktiv edilsin. “Simurq” xidməti Şan yayım texnologiyası üzərində qurulmuşdur. Yeni tipli Simkart xüsusi Şan yayım menyusu ilə təchiz edilmişdir. Bu menyu əsas və köməkçi başlıqlardan ibarətdir. Şan yayımı abonentin istəyindən asılı olaraq səssiz və ya səsli olacaq. Abonent telefonu başqa məqsədlər üçün istifadə etdikdə şan yayımı ekrandan silinəcək. Abonent eyni vaxtda yalnız bir şan yayım kanalında olan məlumatı oxuya bilər. İlkin olaraq şan yayım xidməti azərbaycan və rus dillərində olacaq. “Simurq” vasitəsilə ən son yeniliklər, o cümlədən idman, biznes, əyləncə, oyun və yarış, musiqi, ulduz falı, loqolar, şəkillər, melodiyalar, ZəngimCELL və s. xəbərlər operativ olaraq abonentin telefonuna daxil olacaq. Qısası, “Simurq”, rabitə vasitəsi olan telefon cihazını, həm də, əsl xəbər agentliyinə çevirir.
Tariflər
“Simurq” xidməti çərçivəsində təqdim ediləcək yayımlarda qeyd edilən xidmətlərə görə ödəniş haqqı 3-cü Tərəflərin təqdim etdiyi təminatın tarifindən asılı olaraq müəyyən ediləcək. Hər bir xidmət barədə istək göndərməzdən əvvəl, həmin xidmətin tarifləri barədə abonentə məlumat veriləcək.
Beləliklə, sayı onlarla olan “Azercell Telekom” xidmətlərinə daha biri əlavə olundu. Ölkəmizin qabaqcıl mobil operatoru öz abonentlərinin həyatına indi də “Simurq” gətirdi. Baş verən yeniliklərə hamıdan öncə agah olmaq istəyirsinizsə “Simurq”a qoşulun! “Simurq” həyatı dəyişir, onu asanlaşdırır!
Azercell Telekom MMC Mətbuat Xidməti |