Bilik günü ərəfəsində Azercell məktəb və uşaq evlərinə baş çəkdi!Bakı, 18 sentyabr 2006 10 illik fəaliyyəti dövründə “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai mükafatına layiq görülən “Azercell Telekom” BM bu il də öz ənənələrinə sadiq qaldı. Şirkət rəhbərliyi yeni dərs ilində internat məktəbləri və uşaq evlərinə səfərlər etdi. Bilik günü münasibətilə “Azercell Telekom” bu təhsil və tərbiyə müəssisələrinin şagirdlərinə dərs ləvazimatları hədiyyə etdi.
“Azercell Telekom” BM-in nümayəndələri Şüvəlan qəsəbəsində yerləşən Zəifeşidən və Sonradan Karlaşmış Uşaqlar üçün Xüsusi Ümumtəhsil Respublika İnternat məktəbinə, Yetim və Valideyn Himayəsi olmayan uşaqlar üçün Respublika Yardımçı İnternat məktəbinə, Mərdəkan qəsəbəsindəki 2 saylı Yetim və Valideyn Himayəsindən Məhrum Uşaqlar üçün İnternat Məktəbinə, Yeni Günəşli qəsəbəsindəki 2 saylı uşaq evinə, Suraxanı qəsəbəsindəki 7 saylı yardımçı internat məktəbində oldular. Məktəblilərə dərs ləvazimatı, o cümlədən çanta, dəftər və s. hədiyyələri çatdırdılar.
“Azercell Telekom” BM-in baş müdiri cənab Halim Ateş yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə Azərbaycan məktəblilərini təbrik edib, onlara dərslərində uğurlar arzulayıb. O, həmçinin bildirib ki, qayğıya və sosial müdafiəyə ehtiyacı olan uşaqların təhsil və tərbiyəsi üçün lazım olan dəstəyi “Azercell” bundan sonra da əsirgəməyəcək.
Uğurlu sosial layihələri ilə seçilən “Azercell Telekom”, ölkəmizin gələcəyi olan uşaqları həmişə diqqət mərkəzində saxlayır, onlara qayğı göstərir. Sosial müdafiəyə ehtiyacı olanları daim dəstəkləmək “Azercell”in sosial sərmayə siyasətinin tərkib hissəsidir və bu siyasət bundan sonra da davam etdiriləcək. Qeyd edək ki, ötən 10 il ərzində operator sosial sərmayələr proqramına 5 mln. ABŞ dolları yönəldib. Azercell Telekom MMC Mətbuat Xidməti |