Bakı, 01 dekabr 2006 Hər zaman əhalinin sosial qayğıya ehtiyacı olan təbəqəsini diqqət mərkəzində saxlayan “Azercell Telekom” BM bu istiqamətdə öz səylərini davam etdirərək Beynəlxalq Əlillər günü münasibətiylə əlil vətəndaşlarımızın sosial güzəranının yaxşılaşdırılması, maarifləndirilməsi və onların hərəkətinin asanlaşdırılması üçün iki mühüm layihə həyata keçirib.
Reallaşdırılan layihələrdən biri 1931-ci ildə yaradılmış Azərbaycan Gözdən Əlillər Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Altı Nöqtə” mətbəəsinə zəruri çap avadanlıqlarının hədiyyə edilməsidir. “Altı Nöqtə” mətbəəsində mövcud avadanlıqların köməyilə əlillər üçün üzvlük vəsiqələri, blanklar, seçki bülletenlərinin xüsusi trafaretləri hazırlanır. “Azercell Telekom”un təqdim etdiyi texniki avadanlıqlar sayəsində mətbəənin fəaliyyəti daha da genişlənəcək, əhaliyə, müəssisə və təşkilatlara çap, cildləmə və digər xidmətlər göstəriləcək. Mətbəə eyni zamanda gözdən əlil və zəif görən uşaqların təhsil aldığı internat məktəbi üçün dərsliklərin istehsalı ilə də məşğul olur.
Qeyd edək ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti qeyri-hökumət təşkilatı olaraq öz ətrafında Azərbaycan Respublikasında yaşayan 9 mindən artıq qeydə alınmış 1-ci və 2-ci dərəcəli gözdən əlil vətəndaşları birləşdirir. Qeydiyyatda olan əlillərə cəmiyyətin 27 rayon, 4 şəhər şöbəsi və 3 mədəniyyət evi xidmət göstərir. “Azercell Telekom”un bu yardımı, gözdən əlil vətəndaşlarımızın xüsusi vəsaitlərə olan təlabatını ödəməklə yanaşı, onların məşğulluq probleminin həll olunmasına da qismən yardım edəcək. Onlar müasir avadanlıqlarla təmin olunmuş mətbəədə istehlak bazarı üçün də rəqabət qabiliyyətli müxtəlif məhsul və xidmət istehsal etməklə mənfəət əldə edəcək. Bu layihəni, həmçinin “Azercell Telekom”un ölkədə reallaşdırılan “Yoxsulluğun azaldılması və iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na bir töhfəsi kimi də qəbul etmək olar.
Azərbaycan sahibkarları arasında sosial məsuliyyət mədəniyyətinin yayılmasında böyük rol oynayan operatorun fiziki cəhətdən əlil olan vətəndaşlarımıza dəstək olaraq reallaşdırdığı daha bir layihə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciətinə əsasən 400 ədəd müasir tipli əlil arabalarının alınmasıdır. Bu müasir arabalar dayaq hərəkət funksiyaları müxtəlif səbəblərdən məhdudlaşmış əlillərin əlavə şəxsin köməyi olmadan hərəkətini təmin edəcək, onların həyatına müəyyən rahatlıq gətirəcək.
“Azercell Telekom” BM-nin Beynəlxalq Əlillər Günü ərəfəsində həyata keçirdiyi layihələr müəssisənin sosial sərmayələr proqramının tərkib hissəsidir və əlillərin sosial reabilitasiya və cəmiyyətə inteqrasiya olunmasına yardım edəcək. Qeyd edək ki, “Azercell Telekom” öz 10 illik fəaliyyəti dövründə bu proqram çərçivəsində 5 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.
Azercell Telekom MMC Mətbuat Xidməti |