"Azercell Telekom" BM-in səhmdarı olan "Fintur Holdings” şirkətinin idarə heyətində dəyişikliklər olub.
Bakı, 28 dekabr 2006 Ötən ay “TeliaSonera” şirkətinin yeni strukturunda dəyişikliklər baş verib. Belə ki, Serkan Elden “Fintur Holdings” şirkətinin Baş İcraçı Direktoru təyin olunaraq, ondan öncə Avrasiya üzrə “TeliaSonera” Şirkətinin Prezidenti vəzifəsini icra edən cənab Erdal A. Durukanı əvəz etmişdir.
Cənab Elden yeni vəzifəsinin icrasına 1 Yanvar, 2007–ci il tarixində başlayacaq.
Baş İcraçı Direktor təyin olunmadan öncə Serkan Elden son 2 il ərzində “Fintur” şirkətinin idarə heyətində Avrasiya üzrə korporativ idarəetmə, birləşmələr və əməkdaşlıq sahəsində Sərmayələr üzrə Baş Məsləhətçi vəzifəsində çalışıb. Daha əvvəl isə o, inkişaf etməkdə olan ölkələrdə yaranan bazarların hüquqlarının müdafiəsi fondu olan Amerika Beynəlxalq Qrupu (AİG) və ABŞ hökümətinin maliyyə dəstəyi ilə yaradılmış Mərkəzi Amerika – Asiya Fondu daxil olmaqla, keçmiş Sovet məkanında fəaliyyət göstərən sərmayə və məsləhətçi şirkətlərin meneceri vəzifəsində çalışırdı.
“Fintur” şirkətinin keçmiş Baş İcraçısı cənab Durukan “Fintur Holdings B.V.” şirkətlər qrupunun Direktorlar Şurasının sədri təyin olunaraq, 27 Noyabr, 2006–cı il tarixdən etibarən Kim İqnatiusu əvəz etmişdir.
“Turkcell” (41,45%) və “TeliaSonera” (58,55%) şirkәtlәrinin birgә müәssisәsi olan “Fintur Holdings B.V.” şirkəti 1996–cı ildən etibarən, Avrasiyada “TeliaSonera” şirkətlər qrupunun fəaliyyətlərini idarə edir. “Fintur Holdings” Azərbaycanda (Azercell), Gürcüstanda (Geocell), Qazaxstanda (K-Cell) və Moldovada (MoldCell) mobil rabitə operatorlarının əsas səhmdarıdır. Şirkətlərin abonentlərinin ümumi sayı 6,8 milyon və əməkdaşlarının ümumi sayı isə 1893 nəfərdir.
Azercell Telekom MMC Mətbuat Xidməti |