Azərbaycan dilindəIn EnglishПо-русски

06 mart 2007-ci il tarixdə 2006-cı ilin nəticələrinə dair mətbuat konfransı keçirildi.

Bakı, 06 mart 2007

“Azercell Telekom” BM bu günkü mətbuat konfransında şirkətin müxtəlif fəaliyyət sahələri üzrə 2006-cı ilə dair nəticələrini açıqlayıb. “Azercell” rəqəmlər, xidmətlər, kampaniyalar, nailiyyətlər, sosial fəaliyyət və sponsorluq sahələri üzrə əldə olunan nəticələrə dair məlumatları təqdim edib.

6 mart 2007, Bakı - Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” BM 2006-cı ildə maliyyə, fiziki və sosial sahələrdə də fəaliyyətini əhatə edən və ötən ilin şirkət üçün uğurlu il olduğunu göstərən nəticələrini açıqladı. İlin yekunlarına dair mətbuat konfransı “Park İnn” otelində 2006-cı ildə İlin Top Meneceri mükafatına layiq görülmüş “Azercell Telekom” BM-in Baş Müdiri Halim Ateşin iştirakı ilə keçirildi.

Halim Ateş öz nitqini şirkətin rabitə bazarında payının təqdimatı ilə başladı. Cənab Ateş qeyd etdi ki, bu gün Azərbaycanın mobil rabitə bazarının 76%-i “Azercell”ə məxsusdur və onun şəbəkəsi ölkənin 77%-ni əhatə edir ki, bu da Azərbaycan əhalisinin 99%-nin “Azercell” xidmətlərindən istifadə edə bilməsi deməkdir. Halim Ateş 2006-cı ilin sonunda “Azercell” abonentlərinin sayının 2.333.387 nəfər olduğunu bildirdi. O, “Azercell” şəbəkəsinin genişlənməsi barədə məlumat verərək şirkətin yüksək texnoloji telekommunikasiya infrastrukturuna malik olduğunu vurğuladı.

“Azercell” tərəfindən yatırılmış sərmayələr və ödənilmiş vergilər də şirkətin ölkəyə mühüm iqtisadi töhvələr verdiyini göstərdi. H. Ateş bildirdi ki, “Azercell” 2006-cı il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 120 milyon AZN, ölkədə fəaliyyət göstərdiyi 10 il ərzində isə təqribən 460 milyon AZN həcmində investisiya yatırmışdır. Dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, 2006-cı ildə “Azercell” ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 2 % təşkil edib.

İnsan qaynaqları aspektinə toxunan Halim Ateş “Azercell” işçilərinin əhəmiyyətini xüsusi olaraq önə çəkdi. Cənab Ateş bildirdi: “Biz bilirik ki, işçilərimiz “Azercell”in əsas kapitalıdır və onlar abonentlərimizə daha yaxşı xidmət göstərilməsi baxımından şirkət üçün son dərəcə böyük önəm daşıyırlar. Biz bilirik ki, birlikdə daha güclüyük. Buna görə də, 2006-cı ildə biz işçilərin inkişafına təqribən 550 min AZN həcmində vəsait sərf etmişik. Yüksək keyfiyyətli xidməti qoruyub saxlamaq üçün biz hazırkı işçilərimizlə yanaşı “Azercell” ailəsinin gələcək üzvləri haqqında da düşünürük. Bu səbəbdən də, Karyera günləri proqramı çərçivəsində 2005 və 2006-cı illərdə 10 universiteti ziyarət etmişik və həmin ali təhsil ocaqlarının 30 məzununu işə qəbul etmişik. Bizim “karyera günləri” aksiyamız şirkətimizi insan qaynaqları ilə təmin etməklə yanaşı Azərbaycanın yaxşı təhsil almış gənclərinə mükəmməl karyera imkanı yaradır.”

Halim Ateş onu da əlavə etdi ki, 2006-cı ildə “Azercell Telekom” BM ölkə büdcəsinə təqribən 60 milyon AZN, fəaliyyət göstərdiyi 10 il ərzində isə təqribən 275 milyon AZN həcmində vergi ödəyib. İnvestisiyalar və vergilər haqqında danışan Halim Ateş çoxlu sayda tariflərin tətbiq edilməsi üçün atılmış mühüm addımlar, kampaniyalar və şirkətin uğurları haqqında da məlumat verdi. Cənab Ateş qeyd etdi ki, 2006-cı il innovativ və mükəmməl telekommunikasiya xidmətlərilə tanışlıq baxımından “Azercell” abonentləri üçün uğurlu il olub.

Halim Ateş ,həmçinin, “Azercell”in sosial əməkdaşlıq fəaliyyətinə dair məlumat verərək sosial məsuliyyətin şirkət üçün böyük önəm kəsb etməsindən danışdı. O, qeyd etdi ki, “Azercell” 2006-cı ildə sosial layihələrin həyata keçirilməsi üçün təqribən 1,9 milyon AZN, 10 il ərzində isə təqribən 4,6 milyon AZN həcmində vəsait sərf edib.

Baş Müdir Halim Ateş öz nitqini bu sözlərlə bitirdi: “2006-cı il bizim özümüzlə fəxr etdiyimiz bir il oldu və öz abonentlərimiz və ölkəmiz üçün daha nələr edə biləcəyimizi bizə göstərdi. Biz öz liderliyimizi bir daha sübut etdik. 2006-cı il bizim onuncu ilimiz idi və 10 il ərzində olduğu kimi 2007-ci ildə də “Azercell Telekom” BM öz abonentlərini müxtəlif yeni və maraqlı layihələrlə, yüksək texnoloji və innovativ xidmətlərlə sevindirəcək”.

Redaktor üçün qeydlər:

“Azercell Telekom” BM 1996-cı il yanvarın 19-da yaradılıb və həmin il dekabrın 15-də sonradan ödəmə sistemi (abunəlik) əsasında fəaliyyətə başlayıb. “Azercell Telekom” Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (35,7%) və “Fintur Holdings BV”nin (64,3%) birgə müəssisədir. “Fintur Holdings BV” şirkətinin səhmlərinin 58, 55 %-i “TeliaSonera”, 41,55 %-i isə “Turkcell” şirkətinə məxsusdur.

2006-cı ilin sonunda “Azercell” 2 rezervləşdirilmiş abonent bazasına, 12 baza stansiyalarına nəzarətçi sisteminə, 15 mobil rabitə kommutasiya mərkəzinə və 1.078 radio baza stansiyasına sahib olmuşdur. 2006-cı ildə mobil operator Bakıda və Azərbaycanın regionlarında 328 yeni radio baza stansiyası quraşdırıb. 2007-ci ildə isə “Azercell” respublika üzrə 350 yeni radio baza stansiyası quraşdırmağı planlaşdırır.

Ötən il dünyanın 18 ölkəsinin 50 operatoru ilə yeni rouminq sazişləri imzalandı ki, bununla da 2006-cı ilin sonunda “Azercell” 135 ölkəni təmsil edən 310 xarici operatorla rouminq müqaviləsi bağlamış oldu. Onu da qeyd edək ki, “Azercell Telekom” Azərbaycanın mobil rabitə sistemində MMS/GPRS rouminq xidmətini tətbiq edən ilk operatordur. Ötən ilin sonunda “Azercell Telekom” BM artıq 32 ölkənin 66 mobil rabitə operatoru ilə GPRS/MMS rouminq sazişi bağlamış oldu.

“Azercell Telekom” BM düşərgələrdə yaşayan 4000-ə yaxın qaçqın və məcburi köçkünə humanitar yardım göstərdi.

Bilik günündə “Azercell” 5 internat məktəbini dərs ləvazimatı ilə təmin etdi.

“Azercell Telekom” BM Beynəlxalq Əlillər günü ilə əlaqədar olaraq əlillərə 400 müasir tipli əlil arabası təqdim etdi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Altı Nöqtə” mətbəəsinə zəruri çap avadanlıqları hədiyyə etdi.

Azərbaycan rəssamlığına zəngin nümunələr bəxş etmiş xalq rəssamı Elbəy Rzaquliyevin 80 illik yubileyi ilə əlaqədar olaraq “Azercell Telekom” BM-in dəstəyilə 2006-cı il noyabrın 11-də rəssamın əsərlərinin sərgisi təşkil olundu və toplusu nəşr edildi.

2006-cı ilin yekunlarına dair daha ətraflı


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr