Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell daha iki beynəlxalq mükafata layiq görüldü

Bakı, 29 mart 2007

“Azercell Telekom” BM həmişə öz abonentlərinə yüksək səviyyəli xidmət göstərib, onlara yeniliklər bəxş edib. Telekommunikasiyada bir çox texnologiyaları ilk dəfə Azərbaycana gətirən, bu sahədə novatorluğunu davam etdirən şirkət xeyriyyəçilik sahəsində də öndə olub. Operatorun nailiyyətləri öz ətrafında işgüzar qurumları birləşdirən Xəzər İnteqrasiya İşgüzar Klubunun (Caspian Integration Business Club) diqqətindən kənarda qalmayıb. Belə ki, “Azercell Telekom” həmin təşkilatın təsis etdiyi “Caspian Energy İntegration Award-2007” beynəlxalq mükafatının sahibi olub.

Mükafatın sahiblərini müəyyənləşdirmək üçün dünyanın 32 ölkəsində 1500 şirkətin menecerləri arasında sorğu aparılıb. Tək Azərbaycan deyil, dünyanın müxtəlif ölkələrindən olan 7500 respondentin rəyinə görə, bu il “Azercell Telekom” iki müxtəlif nominasiyada qalib gəlib. Belə ki, şirkət həm xeyriyyəçilik, həm də telekommunikasiya sahəsindəki fəaliyyətinə görə fərqləndirilərək, “İlin GSM operatoru” və “İlin xeyriyyəçisi” mükafatlarına layiq görülüb.

Martın 27-də “Gülüstan” sarayında keçirilən təqdimetmə mərasimində mükafatlar “Azercell Telekom”un təmsilçilərinə təqdim olunub. “İlin xeyriyyəçi” mükafatını şirkətin Korporativ Ünsiyyət və Sosial Məsuliyyət bölümünün rəhbəri Kamilə İsayevaya Sənaye və Energetika naziri Natiq Əliyev təqdim edib. Nazir qeyri-neft sektorunda prioritet olan informasiya texnologiyaları sahəsində “Azercell”in uğurlarını yüksək qiymətləndirdiklərini bildirib.

“İlin GSM operatoru” nominasiyası üzrə mükafatı isə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov təqdim edib. Şirkətin Marketinq şöbəsinin müdiri Ülviyyə Mir-Qasımova bu etimada görə minnətdarlığını bildirib: “Ümid edirik ki, bu, bizim sizin əllərinizdən aldığımız son mükafat olmayacaq”.

Xatırladaq ki, “Azercell Telekom” ötən il də “İlin GSM şirkəti” nominasiyasında “Caspian Energy İntegration Award” mükafatını qazanmışdı. Beləliklə, artıq iki ildir ki, “Azercell” ardıcıl olaraq ilin ən yaxşı GSM operatoru seçilir.

Qeyd edək ki, “Caspian Energy İntegration Award” beynəlxalq mükafatı 2002-ci ildə təsis edilib. 2005-ci ildə mükafatın ilk təqdimetmə mərasimi baş tutub. “Caspian Energy İntegration Award” Xəzər-Qaradəniz və Baltikyanı region ölkələrinin siyasi və ictimai xadimlərinə, iş adamlarına təqdim olunur. İndiyədək mükafatın sahibləri arasında ümummilli lider Heydər Əliyev, Azərbaycanın prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev olub.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr