"Dan Ulduzu" festivalı Azercell-in dəstəyi ilə keçirildiBakı, 07 iyun 2007 Dördüncü ildir ki, Bakıda “Dan Ulduzu” Beynəlxalq Bədii Yaradıcılıq Festivalı keçirilir. Bu maraqlı tədbirin əsas məqsədi istedadlı yeniyetmələri və gəncləri aşkar etmək, onların öz qabiliyyətlərinin inkişaf etdirə bilməsinə yardım göstərməkdir. Festivalın üstünlüklərindən biri də burada kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqların iştirakına imkan yaradılmasıdır. Təşkilatçılar bu üsulla həmin uşaqların cəmiyyətə inteqrasiyasını sürətləndirməyə, həm də beynəlxalq ictimaiyyət nümayəndələrinin, təşkilat və xeyriyyə fondlarının diqqətini uşaq və gənclərdə estetik tərbiyənin formalaşmasına cəlb etməyə çalışırlar.
Bu il də “Azercell Telekom” Birgə Müəssisəsinin dəstəyi ilə keçirilən festival çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi, rəsm müsabiqələri, idman yarışları, gəzintilər, muzey və abidələrə baxış, maraqlı görüşlər, teatr tamaşalarına baxış, incəsənət və mədəniyyət xadimləri, həmçinin millət vəkilləri ilə görüşlər keçirildi. 300 nəfərdən çox iştirakçı arasında tək Azərbaycanın deyil, Qazaxıstan, Ukrayna, Gürcüstan, Türkiyə, Polşa və Rusiyada fəaliyyət göstərən uşaq evlərinin və internat məktəblərinin nümayəndə heyətləri iştirak etdi.
Bu festival “Dan” İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirildi. Festivalın Himayədarlar Şurasının fəxri sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Festivalın yekununa həsr edilmiş təntənəli konsertdə uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaq və gənclərə “Dan ulduzu” IV Beynəlxalq Bədii Yaradıcılıq Festivalının laureatı” adı ilə bərabər, yadigar diplomlar da təqdim olundu.
Festivalın bu cür yüksək səviyyədə baş tutmasında əməyi olanlardan biri də “Azercell Telekom” BM-dir. Şirkət hələ 2004-cü ildə birinci “Dan Ulduzu” festivalının keçirilməsinə dəstək vermişdi. “Azercell Telekom” indiyədək dəfələrlə uşaqlar üçün müxtəlif maraqlı aksiyaların, tədbirlərin keçirilməsinə dəstək verib. Onlar arasında təkcə “De!” adlı ümumrespublika uşaq şer müsabiqəsini xatırlatmaq kifayətdir. Bu dəfə isə ”Azercell Telekom” festivalın keçirilməsinə yardım göstərməklə, azərbaycanlı körpələrlə yanaşı, başqa ölkələrdən olan uşaqlara da sevinc və xoş təəssüratlar bəxş etdi.
Azercell Telekom MMC Mətbuat Xidməti |