RoamCELL ilə məsafə fərqini hiss etməyəcəksiniz: Geocell operatoru ilə beynəlxalq MMS-rominq sazişi bağlandıBakı, 10 oktyabr 2007 “Azercell Telekom” BM Beynəlxalq MMS rouminq tərəfdaşlarının sayını artırmaqda davam edir. Bu dəfə operator, Gürcüstanın “Geocell” mobil rabitə şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib. Abonentlərinə məsafə fərqini hiss etdirməmək üçün “Azercell Telekom” BM, 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib.
Xatırladaq ki, ölkəmizin aparıcı mobil operatoru, indiyə kimi 48 ölkənin 99 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Amma MMS xidməti GPRS/MMS xidmətindən imkanlarına görə xeyli fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər “Azercell” abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Adıçəkilən xidmət isə “Azercell” abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.
“Geocell”, “Azercell”in artıq sayca üçüncü MMS rouminq tərəfdaşıdır. Hazırda, “Azercell” abonentləri İsveçin “TeliaSonera” və Türkiyənin “Turkcell” abonentləri ilə MMS mübadiləsi aparmaq imkanına malikdirlər.
Xidmətlərini müştəri rahatlığına yönəldən və “Azərbaycan və azərbaycanlılar hər şeyin ən yaxşısına layiqdir” prinsipinə sadiq qalan “Azercell Telekom” BM, ilk dəfə ölkəmizə “MMS”, “GPRS”, “EDGE”, “Simurq” kimi mobil rabitə xidmətlərini tətbiq edib. 2,8 milyondan çox abonent ailəsini özündə birləşdirən ”Azercell”, bundan sonra da informasiya-rabitə texnologiyalarının ən son nailiyyətləri ilə öz abonentlərini sevindirəcək.
Azercell Telekom MMC Mətbuat Xidməti |