“Azercell”dən elmin gələcəyinə növbəti töhfəBakı, 19 noyabr 2007 Bu günlərdə “Azercell Telekom” BM-in dəstəyi ilə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Konstitusiya gününə həsr olunmuş 56-cı elm-texniki konfrans öz işinə başlayıb. Tədbirin açılış mərasimində bu təhsil ocağının rektoru akademik Siyavuş Qarayev çıxış edərək konfransın həm tələbələr, həm də Azərbaycan elmi üçün daşıdığı əhəmiyyətdən danışıb. Akademik bildirib ki, belə tədbirlər tələbələrin elmi fəaliyyətinə müsbət təsir göstərir, onların öz aralarında informasiya mübadiləsi aparılmasına kömək edir. O, konfransına baş tutmasında yardımçı olan sponsorlara, xüsusilə də “Azercell Telekom” BM-ə elmin gələcəyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Daha sonra təhsil naziri Misir Mərdanov, millət vəkili, 2000-ci ildə ADNA-nın məzunu olmuş Fuad Muradov və digər qonaqlar çıxış ediblər.
Üç həftə davam edəcək konfransın məqsədi ADNA-nın tələbələrinin ötən tədris ilində apardıqları elmi tədqiqat işlərinin nəticələri haqqında ictimaiyyətə geniş məlumat verməkdən ibarətdir. Bu məqsədlə tədbir çərçivəsində 20 iclas baş tutacaq və orada 342 məruzə dinləniləcək. Sonradan isə hər bir məruzə 5 nəfərdən ibarət xüsusi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən maraqlı məruzə ilə çıxış edənlərə həm Təşkilat Komitəsinin diplomları, tələbələrin Həmkarlar İttifaqı Komitəsinin pul mükafatları, həm də sponsorların hədiyyələri təqdim ediləcək. Konfransın baş sponsoru olan “Azercell Telekom” Birgə Müəssisəsi son illərdə ADNA-da keçirilən elmi konfranslara, Milli Dirçəliş Günü və Respublika Gününə hər edilmiş tədbirlərin baş tutmasına yardımçı olub. Özü də bu təhsil ocağı ilə sıx əlaqələr quran “Azercell” burada yalnız elmi tədbirlərin keçirilməsində iştirak etmir, həm də tələbələrin inkişafına birbaşa yardım göstərir. Belə ki, “Azercell Telekom” indiyədək Neft Akademiyasına xeyli sayda kompüter avadanlıqları və sürətli İnternet hədiyyə edib, akademiyada kompüter otağı açıb.
Qeyd edək ki, ADNA-da keçirilən bu dəfəki konfransa dekabrın 7-də yekun vurulacaq.
Azercell Telekom MMC Mətbuat Xidməti |