Jurnalistlər üçün ingilis dili kursları başlayıb!Bakı, 20 noyabr 2007 “Azercell Telekom” BM və ABŞ səfirliyinin təşkil etdiyi kurslarda 30 jurnalist iştirak edir
Noyabrın əvvəlindən etibarən “Azercell Telekom” Birgə Müəssisəsi və ABŞ-ın Azərbaycandakı səfirliyinin jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları fəaliyyətə başlayıb. Noyabrın 19-da “Excelsior” mehmanxanasında bu proqramın geniş təqdimat mərasimi keçirildi.
Mərasimdə ABŞ-ın ölkəmizdəki səfiri Ən E. Dersi çıxış edib, xarici dil bilməyin üstünlüklərindən danışdı. Bunun xüsusilə də KİV işçiləri üçün önəm daşıdığını bildirdi: “Əgər siz dünyanın sürtələ dəyişən mətbuatında aparıcı müxbir olmaq istəyirsinizsə, xarici dilləri bilməklə beynəlxalq arenada iddiaçılarla rəqabət aparmağı bacaracaqsınız. Səfirliyin işçiləri könüllü olaraq jurnalistlərin ingilis dilini təkmilləşdirməyə yardım göstəriblər. Hazırda həmin qrupa daxil olan jurnalistlər dünyanın aparıcı media orqanları ilə əməkdaşlıq edir. İndi isə biz ingilis dilini bilməyən və çox zəif bilən jurnalistləri də bu kurslara daxil etməyə qərar vermişik. “Azercell” şirkətindəki dostlarımızla birgə təşkil etdiyimiz 7 aylıq kurslarda çap yayım və elektron mətbuat orqanlarında işləyən 30 jurnalist iştirak edir”. Bir neçə dil bildiyini, indi də Azərbaycan dilini öyrəndiyini söyləyən ABŞ səfiri onu da bildirdi ki, xarici dilə yiyələnmək vaxt, hövsələ, sədaqət tələ etsə də, nəticədə ağır zəhmət öz bəhrəsini verir. Ənn Dersi sonda kurs iştirakçılarının hamısına uğurlar arzuladı.
Sonra “Azercell Telekom” BM-nin baş müdiri Halim Ateş növbəti dəfə xoş səbəb üzündən jurnalistlərlə bir araya gəldiklərini bildirdi. Cənab Ateş rəhbərlik etdiyi müəssisənin elan etdiyi “İnkişafı paylaşmaq platforması” çərçivəsində həyata keçirilən bir sıra işlərdən danışdı. Bu proqram çərçivəsində məhz jurnalistlərlə işə üstünlük verildiyini deyən baş müdir Reuters Fondu ilə birgə media nümayəndələri üçün keçirilən treninqi, biznes jurnalistikası üzrə mühazirəni, KİV işçilərinin beynəlxalq konfranslarda iştirakının təşkillini xatırlatdı. Həmçinin, hazırda davam edən “Bizi birləşdirən dəyər” mövzusunda yazı müsabiqəsindən də söz saldı: ‘’Bu çalışmalarımız qarşılıqsız qalmadı. “Azercell Telekom” şirkəti sizlər tərəfindən “İlin ən şəffaf şirkəti” elan olundu. Bu, gördüyümüz işlərə verilən qiymətin çox gözəl göstəricisi idi”.
“Xarici dil çox böyük gücdür” deyən Halim Ateş bu üstünlüyün jurnalistlər üçün xüsusilə önəm daşıdığını da söylədi: “Çünki müasir dünyada baş verən hadisələri sürətli qavramaq üçün xarici dil bilmək çox vacibdir. Hazırda ölkəmiz bütün dünyanın diqqət mərkəzində olduğuna görə, özümüzü inkişaf etdirməli, yetişdirməli, heç bir məsələdə geri qalmamalıyıq. İnanıram ki, bu baxımdan 7 ay müddətindəki kurslarımız hər kəsə faydalı olacaq”. Kurs iştirakçılarına uğurlar diləyən baş müdir ümid etdi ki, yaxın gələcəkdə hər birimiz bu proqramın faydasını görəcəyik.
Qeyd edək ki, jurnalistlər üçün təşkil edilən ingilis dili kursları noyabrın 1-dən etibarən başlayıb. Artıq 3 həftədir ki, ölkənin çap və elektron KİV-ni təmsil edən 30 jurnalist Azərbaycan İngilis dili Müəllimlər Birliyinin əməkdaşlarının apardığı kurslarda iştirak edirlər. Jurnalistlər üç qrupa bölünüb və hər qrupun öz səviyyəsinə uyğun tədris proqramı hazırlanıb. |