Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell Telekom” BM qeyri-neft sektorunun lideri kimi mükafatlandırıldı

Bakı, 18 dekabr 2007

Azərbaycanın mobil bazarının aparıcı şirkəti olan “Azercell Telekom” BM iki nominasiya üzrə “İT Magazine” jurnalının və Layihələrin İdarəedilməsi Assosiasiyasının təqdim etdiyi “İntellekt - 2007” mükafatının sahibi oldu. “Azercell” Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhfələrə görə – “Qeyri-neft sektorunda lider”, şirkətin Baş Müdiri Halim Ateş isə uğurlu idarəçilik bacarıqlarının nümayiş olunması və rəhbərlik etdiyi şirkətin əldə etdiyi uğurların sayının artmasında olan roluna görə - “İlin meneceri” nominasiyalarında qalib seçildilər.

Mükafatın təqdimat mərasimi “Azercell Telekom” BM-in 11-ci yaşının tamam olduğu 15 dekabrda “Hyatt Regency” otelində keçirildi.

Mərasimi giriş sözü ilə açan “İT Magazine” jurnalının baş redaktoru Arif Məmmədzadə bildirdi ki, 2004-cü ildə təsis edilən bu mükafat Azərbaycanın milli iqtisadiyyatının müxtəlif sahələrində müvəffəqiyyətlə həyata keçirilmiş layihələrə görə verilir. Onun sözlərinə görə, “İntellekt – 2007” mükafatını qazanmaq üçün rəhbərlik etdiyi jurnala ayrı-ayrı şirkət və müəssisələr tərəfindən 200-dən artıq layihə təqdim edilib. Sonuncu mərhələyə isə onlardan cəmi 48-i çıxa bilib: “İlin müsbət nəticələrini əsas tutaraq ölkə iqtisadiyyatının inkişafında mühüm göstəricilərə malik ən yaxşı şirkət və müəssisələri, sosial-iqtisadi həyatda fəal mövqe tutan şəxsləri xidmətlərinə görə qiymətləndiririk”.

A. Məmmədzadənin sözlərinə görə, əvvəlki illərdə layihələr rabitə və informasiya texnologiyaları, həmçinin təhsil və telekommunikasiya sahələri üzrə qəbul olunurdu. Bu il isə təşkilatçılar konkret şəxslərin fəaliyyətini də qiymətləndirmək qərarına gələrək siyahıya “,Şəxsiyyət” nominasiyasını əlavə ediblər. “Azercell Telekom” BM-in Baş Müdiri A. Halim Ateş “İlin meneceri” adına məhz bu nominasiya üzrə sahib oldu.

Baş Müdirin adından hər iki mükafatı “Azercell Telekom” BM-in nümayəndəsi Fuad Musayev qəbul etdi. F. Musayev bildirdi ki, təmsil etdiyi şirkətin və onun rəhbərinin fəaliyyətinə verilən bu qiymət onları çox sevindirir: “İT Magazine” jurnalı tərəfindən fəaliyyətimizə verilən bu qiymət bizi həqiqətən fərəhləndirir. “Azercell Telekom” olaraq var qüvvəmizlə çalışacağıq ki, uğurlarımızı bundan sonra da davam etdirək”.

Xatırladaq ki, “Azercell Telekom” artıq 4-cü dəfədir ki, “İntellekt” mükafatına layiq görülür. Оperator bu mükafatа 2004-cü ildə “GəncSim” tarif paketinə, 2005-ci ildə “EDGE” texnologiyasının, 2006-cı ildə isə “SİMURQ” xidmətinin tətbiqinə görə sahib olmuşdu.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr