“Azercell Telekom” BM-in badminton yarişi başa çatdiBakı, 19 dekabr 2007 Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” BM-in korporativ abonentləri arasında keçirdiyi qadın badminton yarışı başa çatdı. 30-a yaxın şirkətin iştirak etdiyi yarışın final mərhələsi “Start” idman kompleksində baş tutdu. Finalda “Deloitte” və BP şirkətlərinin nümayəndələri olan Ajar Aşımova və Səbinə Həsənova qarşılaşdılar.
Rəqibini çətinlik çəkmədən, 2:0 hesabı ilə məğlub edən BP şirkətinin nümayəndəsi Səbinə Həsənova baş mükafata - qızıl medala və mobil telefona sahib oldu. Mübarizədə ikinci yeri tutan Ajar Aşımova gümüş, həmçinin üçüncü yerin sahibləri “Ernst & Young” şirkətinin nümayəndələri Mehriban Əbdürrəhmanova və Gülnar Həsənova bürünc medallarla təltif olundular və hər üçünə mobil telefon hədiyyə edildi. Qaliblərə mükafatları və hədiyyələri şirkətin nümayəndəsi təqdim etdi. Sonda mükafatçılar xatirə şəkli çəkdirdilər.
Badminton yarışı “Azercell Telekom” BM-in abonentlər arasında keçirdiyi ilk idman yarışı deyil. Ölkənin aparıcı mobil operatorunun təşkilatçılığı və dəstəyi ilə “Azercell Kuboku” uğrunda mini futbol çempionatının keçirilməsi artıq ənənəyə çevrilib. “Azercell Telekom” BM-in öz korporativ abonentləri arasında müxtəlif yarış və çempionatlarının təşkil etməsi yalnız tədbirdə iştirak edən abonentlər arasında deyil, onların təmsil etdiyi şirkətlər arasında da xoş münasibətlərin yaranmasına yardım edir və ölkədə idmanın inkişafına səbəb olur. |