Azercell ən yaxşı məzmun təminatçılarını mükafatlandırdı!
Bakı, 21 fevral 2007 Fevralın 21-də “Hyatt Regency” mehmanxanasında “Azercell Telekom” Birgə Müəssisəsi Məzmun Təminatçılarının Təltifetmə Mərasimi keçirildi! Tədbiri giriş sözü ilə açan “Azercell Telekom” BM-in Baş Müdiri A.Halim Ateş daim abonentlərini yeni xidmətlərlə sevindirdiklərini və bu işdə çoxsaylı tərəfdaşlarına arxalandıqlarını bildirdi.
“Biz keyfiyyətli mobil rabitə təqdim etməklə yanaşı abonentlərimiz üçün coxsaylı xidmətlər göstəririk. Bu sahədə əldə olunmuş uğurlarda bizim məzmun təminatçılarımızın böyük rolu var. Onların bu rolunu qiymətləndirmək üçün biz məzmun təminatçılarımızı bir neçə qrupa bölərək, onların içərisində ən yaxşı göstəricilərə malik olanları mükafatlandırmağı qərara aldıq”, -deyə Halim Ateş qeyd etdi.
Tədbirdə “Azercell Telekom” BM-in tərəfdaşları olan ən uğurlu məzmun təminatçıları 2005-2006-cı illərdə fəaliyyətlərinin nəticələrinə əsasən, müxtəlif növ mükafatlarla təltif olundular!
Son iki ildə “Azercell Telekom” BM-in abonentlərinin çoxtərəfli maraqlarına cavab verəcək xidmətlər təklif etdiklərinə görə “Qızıl Təminatçı” nominasiyasında qalib “Unimark” şirkəti, “Gümüş Təminatçı” nominasiysında “DSC” şirkəti, “Bürünc təminatçı” nominasiyasında isə “Media Service” şirkəti qalib oldu.
2005-2006-cı illər üzrə ən çox istifadə edilən məhsulu təqdim edən təminatçılar - “Troy Kommunikasiya” şirkəti, “Unimark” şirkəti və “SMSNET” şirkəti “Qızıl məhsul” nominasiyası ilə mükafatlandırıldılar.
Bundan başqa, təltifetmə mərasimində 2005-2006-cı illərdə ən az şikayət qəbul edən, ən maraqlı məhsul təmin edən və ən maraqlı reklam təminatçıları da mükafatlandırıldılar. Belə ki, göstərilən dövrdə az şikayət qəbul edən məzmun təminatçısı adına “SMSNET”, “Ən Uğurlu məhsul” mükafatına “DSC” şirkəti, “Qızıl Reklam” ödülünə “Unimark” şirkəti və “Ən Proqressiv Şirkət” nominasiyasının qalibi adına “Sindbad” şirkəti layiq görüldü.
Təntənəli şəraitdə keçən mərasimdə qaliblərə sertifikat və mükafatları “Azercell Telekom” BM-in Baş Müdiri cənab A.Halim Ateş şəxsən təqdim edərək, bu tədbirin ənənə halını alacağını bildirdi!
Azercell Telekom MMC Mətbuat Xidməti |