Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell “Caspian Telecoms ” beynəlxalq konfrans və sərgisində Azərbaycani təmsil edir!

Bakı, 12 aprel 2007

12-13 aprel 2007-ci il tarixlərində İstanbulda Türkiyə, Xəzər və Qara dəniz bölgələri, Mərkəzi Asiya və Rusiya üçün Telekommunikasiya və İnformasiya Texnologiyaları üzrə 6-cı Beynəlxalq Konfransı və 5-ci Beynəlxalq Sərgisi – “Caspian Telecoms” keçirilir. Bu Konfrans və Sərgi Xəzər və Qara dəniz hövzəsi, Mərkəzi Asiya ölkələri, Türkiyə və Rusiyanın telekommunikasiya sektoru üçün mühüm əhəmiyyət daşıyır və bu sahənin peşəkarları üçün ən böyük regional tədbirdir.

“Azercell Telekom” BM-in əsas səhmdarı olan “Fintur Holdings” şirkətinin baş sponsorluğu ilə baş tutacaq “Caspian Telecoms” Beynəlxalq Konfrans və Sərgisində Yunanıstan, Ukrayna, İran, Bolqarıstan da daxil olmaqla regionun 20-yə yaxın ölkəsinin nümayəndələri iştirak edəcək.

Türkiyənin, Yunanıstanın, Qırğızıstanın dövlət nazirlərinin iştirak edəcəyi tədbirdə Azərbaycan hökumətini Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin nümayəndələri və “Aztelekom” İstehsalat Birliyinin rəhbərliyi təmsil edəcəklər. Azərbaycanı daim beynəlxalq tədbirlərdə təmsil edərək ölkə iqtisadiyyatının potensialı, xarici sərmayəçilər üçün yaradılmış imkanlar, savadlı və istedadlı kadrları barədə məlumat verməyi öz fəaliyyət istiqamətlərindən biri seçən “Azercell Telekom” BM, “Caspian Telecoms” Beynəlxalq Konfrans və Sərgisində iştirakı ilə bu ənənəsini davam etdirəcək.

Ölkə rəhbərliyinin İnformasiya Texnologiyalarını iqtisadiyyatın ən prioritet sahələrindən biri elan etməsi və Azərbaycanı regionun mərkəzinə çevirməyə dair planlarına dəstək olaraq “Azercell Telekom” BM bu sahədə bölgənin ən böyük və nüfuzlu tədbirində iştirak edəcək və ölkənin yalnız iqtisadi cəhətdən deyil, həmçinin siyasi və ictimai cəhətdən də inkişaf etdiyi barədə iştirakçıları məlumatlandıracaqdır. Regionun ən nüfuzlu telekommunikasiya şirkəti olaraq “Azercell Telekom” BM-in bu cür tədbirlərdə iştirakı ilə "Azərbaycan və azərbaycanlılar hər şeyin ən yaxşısına layiqdir" strategiyası çərçivəsində ölkədə ən yeni texnologiyaların tətbiqi kimi ənənəsinə sadiq qalmağa çalışacaq.

Qeyd edək ki, “Caspian Telecoms” Beynəlxalq konfrans və sərgisində informasiya şəbəkələri üçün avadanlıqların təhcizatçıları, kompüter və İT şirkətləri, GSM avadanlıqlarının istehsalçıları, GSM operatorları, maliyyə qurumları, maliyyə investisiya bankları, peyk rabitəsinin opetarları, internet təminatçıları, İT texnologiyaları üçün zəruri olan avadanlıq və qurğu istehsalçıları və başqa şirkətlər təmsil olunurlar. Bu tədbirdə iştirak edən qurumlar ən son yeniliklərini nümayiş etdirir, işgüzar əlaqələr yaradılır, çoxsaylı müqavilələr imzalanır.

“Caspian Telecoms” Beynəlxalq konfrans və sərgisinə maraq ilbəil artır. Keçən il keçirilən tədbirdə 25 ölkədən 200 şirkətin 450 nümayəndəsi iştirak edib.

Bölgənin telekommunikasiya və İT sektorlarının liberallaşdırılması və özəlləşdirilməsində xarici sərmayəçilərin marağı, bu sahənin inkişaf perspektivləri və digər mövzuların müzakirə olunacağı konfransda əsas məruzə ilə Türkiyənin Nəqliyyat və Rabitə naziri Binəli Yıldırım, “TeliaSonera” şirkətinin Avrasiya biznes bölümünün rəhbəri Erdal Durukan, “Fintur Holdings”in Baş Müdiri Serkan Elden və digər nüfuzlu dövlət və iş adamları çıxış edəcək.

“Azercell Telekom”BM-nin əsas səhmdarı olan “Fintur Holdings BV”-nin səhmlərinin 58,55 faizi “TeliaSonera” şirkətinə məxsusdur.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr