"TeliaSonera" şirkətinin Avrasiya Biznes Sahəsinin yeni rəhbəri təyin olunub.
Bakı, 26 aprel 2007 “TeliaSonera” şirkətinin Avrasiya Biznes Sahəsinin maliyyə direktoru və icraçı direktorunun müavini Tero Kivisaari 2007-ci il mayın 1-dən şirkətin Avrasiya bölməsinin Prezidenti vəzifəsini icra edəcək. 35 yaşlı Kivisaari Helsinki Texnologiya Universitetinin və Helsinki İqtisadiyyat Kollecinin məzunudur. O, artıq 10 ildir ki, “TeliaSonera” şirkətində çalışır.
Tero Kivisaari bu vəzifədə Erdal Durukanı əvəzləyəcək. Cənab Durukan öz qərarı ilə istefa verərək 2007-ci il mayın 1-dən “TeliaSonera” şirkətindən ayrılacaq.
“Türkiyə, Mərkəzi Asiya və Şərqi Avropanın kommunikasiya sahəsində “Turkcell” və “Fintur” şirkətlərilə birgə nailiyyətlərlə başa çatan 13 ilin sonunda bu qərarı verməyim mənim tərəfimdən təbii bir addımdır. “TeliaSonera” şirkətində işlədiyim illər çox uğurlu olub –bütün region maraqlı bir dönəm yaşayır - Avrasiya Biznes Sahəsi isə bu gün “TeliaSonera” şirkətinin nailiyyətlərinin üçdə birini bölüşür” – deyə Erdal Durukan bildirib.
TeliaSonera şirkətinin Prezidenti və icraçı direktoru Anders Igel isə deyir: “Erdal Durukan “TeliaSonera” şirkəti üçün böyük işlər görüb və biz ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”.
“Tero Kivisaari ötən beş il ərzində Avrasiya regionunda şirkətimizin fəaliyyətini genişləndirməkdə mühüm rol oynayıb. Gələcəkdə işlərimizin öz axarı ilə davam etməsində onun böyük əməyi olacaq” – deyə Anders Igel əlavə edir.
“TeliaSonera” şirkətinin Avrasiya Biznes Sahəsi “Fintur” (74%) şirkətinin Qazaxıstan (“Kcell”), Azərbaycan (“Azercell”), Gürcüstan (“Geocell”) və Moldovadakı (“MoldCell”) fəaliyyətlərini əhatə edir. Bu biznes sahəsi həmçinin Rusiyanın “MegaFon” (44%) və Türkiyənin “Türkcell” (37%) şirkətində “TeliaSonera” şirkətinin səhmdarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün cavabdehdir.
Bu sahəyə 2007-ci il mayın 1-nə kimi cənab Erdal Durukan rəhbərlik edəcək. 1998-ci ildən İsveç Krallığının Azərbaycanda fəxri konsulu olan Erdal Durukan Azərbaycanda ilk GSM mobil rabitə operatoru olan “Azercell Telekom” BM-i yaradaraq uzun müddət onun baş müdiri çalışıb. Azərbaycanda işlədiyi dövr ərzində Erdal Durukan ölkəmizin iqtisadiyyatı ilə yanaşı təhsil, səhiyyə və mədəniyyət sahələrinin də inkişafına öz töhfəsini verib.
Azercell Telekom MMC Mətbuat Xidməti |