Azərbaycan dilindəIn EnglishПо-русски

”Azercell Telekom” BM və Reuters Fondu jurnalistlər üçün treninq təşkil edir

Bakı, 14 iyun 2007

Azərbaycanda fəaliyyət göstərdiyi 11 il ərzində “Azercell Telekom” BM daim jurnalistlərlə sıx əlaqələr qurub. Şirkət medianın inkişafı, Azərbaycanda daha peşəkar, bacarıqlı jurnalistlərin yetişməsi üçün həmişə müxtəlif layihələri dəstəkləyib, müxtəlif kurslar təşkil edib. Bu baxımdan, jurnalistlər arasında keçirilən sorğunun nəticəsinə əsasən “Azercell Telekom” BM-in 2006-cı ilin ən şəffaf şirkəti seçilməsi təsadüfi deyil. Şirkət indi də yerli jurnalistikanın inkişafına yönəlik siyasətini davam etdirir. Bu dəfə “Azercell”in dəstəyi ilə dünyanın ən məşhur informasiya agentliyinin təcrübəli işçiləri jurnalistlər üçün treninq keçirmək məqsədilə Bakıya təşrif buyuracaqlar. Gələn həftədən etibarən “Azercell Telekom” BM və Londonda yerləşən Reuters Fondu jurnalistlər üçün “Biznes Xəbərlərinin Yazılması” mövzusunda treninq təşkil edir. “Azercell”in yeni “İnkişafı Paylaşmaq Platformu” çərçivəsində baş tutacaq bu təlim biznes və maliyyə xəbərlərinin yazılması qaydaları haqqında olacaq.

İyunun 18-dən 22-nə kimi “Avropa” mehmanxanasında keçiriləcək treninq zamanı “Reuters“ agentliyinin keçmiş müxbirləri, hazırda Reuters Fondunda çalışan Oliver Ueytes və Anatoli Verbin jurnalistlər üçün biznes və maliyyə xəbərlərinin yazılması qaydaları haqqında praktik təlim keçəcəklər. İnformasiyanın hazırlanması ilə yanaşı, bu kurslarda həm də şirkətin əldə etdiyi nəticələrin düzgün ifadə olunması, rəqəmlərin dəqiqləşdirilməsi, tariflərin tənzimlənməsi, iqtisadi əlaqələrin dərk olunması, hüquqi aspekt, kiçik və orta biznes və başqa mövzularda çalışma və təqdimatlar olacaq. Treninq Azərbaycan və rus dillərində keçiriləcək.

Hər zaman KİV-lə mövcud olan inamlı əlaqələrini qorumaq üçün səy göstərən “Azercell Telekom” BM müstəqil və güclü medianın vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm amil olduğunu nəzərə alaraq, Azərbaycanda jurnalistikanın inkişafı məqsədilə bu layihənin həyata keçirilməsinə başlayır.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr