”Azercell Telekom” BM və Reuters Fondunun jurnalistlər üçün təşkil etdiyi “Biznes Xəbərlərinin Yazılması Treninq”i öz işinə başladıBakı, 18 iyun 2007 Xəbər verildiyi kimi, iyunun 18-dən etibarən “Azercell Telekom” BM və Londonda yerləşən Reuters Fondu jurnalistlər üçün “Biznes Xəbərlərinin Yazılması” mövzusunda “Avropa” mehmanxanasında treninqə start verdi. “Azercell”in yeni “İnkişafı Paylaşmaq Platformu” çərçivəsində baş tutan bu təlim biznes və maliyyə xəbərlərinin yazılması qaydaları haqqındadır. İyunun 22-nə kimi keçiriləcək treninq zamanı “Reuters“ agentliyinin keçmiş məşhur müxbirləri, hazırda Reuters Fondunda çalışan Oliver Ueytes və Anatoli Verbin jurnalistlər üçün informasiyanın hazırlanması ilə yanaşı, həm də şirkətin əldə etdiyi nəticələrin düzgün ifadə olunması, rəqəmlərin dəqiqləşdirilməsi, şirkətlərin iqtisadi göstəricilərinin önəmi, tariflərin tənzimlənməsi, etik məsələlər, iqtisadi əlaqələrin dərk olunması, hüquqi aspekt, kiçik və orta biznes və başqa mövzularda çalışma və təqdimatlar olacaq.
Qeyd edək ki, iştirakçılar seçim prosedurundan keçərək treninqə qatılmaq imkanı əldə edib. Müsabiqəyə qatılanların sayı, təlimin jurnalistlər arasında böyük rəğbətlə qarşılandığını deməyə əsas verir. Belə ki, 100-ə yaxın jurnalist treninqdə iştirak etmək üçün “Azercell Telekom” BM-ə müraciət edib. Müsabiqənin şərtlərinə uyğun olaraq, ən azı 2 il jurnalist təcrübəsi olan, iqtisadiyyat və telekommunikasiya xəbərləri üzrə ixtisaslaşmış, yerli televiziya, çap və elektron kütləvi informasiya vasitələrində çalışan jurnalistlərə dünyanın ən nüfuzlu informasiya agentliyi olan “Reuters”in məşhur keçmiş əməkdaşları ilə ünsiyyətdə olaraq bilik əldə etmək imkanı yaradılıb.
Təlimin açılış mərasimində çıxış edən “Azercell Telekom” BM-nin Korporativ Ünsiyyət və Sosial Məsuliyyət rəhbəri Kamilə İsayeva treninq iştirakçılarını salamlayaraq Azercell-in mətbuata yönəlik yeni siyasəti barədə məlumat verdi: “Bu treninq bizim yeni “İnkişafı Paylaşmaq Platformamız” çərçivəsində keçirilir. Regionun aparıcı özəl texnoloji şirkəti olaraq biz durmadan öz üzərimizdə çalışır və inkişaf edirik. Mətbuatla, yəni sizinlə olan münasibətlərimizi əhatə edən yeni platformamızın əsas məqsədi bu inkişafı sizinlə paylaşmaqdır. Ümid edirəm ki, bu treninq zamanı siz çoxlu yeni biliklər əldə edərək daha da inkişaf edəcəksiniz və bu inkişafı ətrafınızdakılar və oxucularınızla bölüşəcəksiniz”.
Treninqdə çıxış edən “Reuters” agentliyinin SSRİ, Portuqaliya, Pakistan, Braziliya üzrə baş müxbiri olmuş, uzun müddət agentliyin baş ofisində redaktor işləmiş Oliver Ueytes azərbaycanlı jurnalistləri “Azercell Telekom” BM-in “yaratdığı bu gözəl imkandan yararlanaraq maksimum bilik əldə etməyə çağırdı”.
“Reuters Fondunun xəttilə biz dünyanın bir çox ölkəsində treninqlər keçirmişik lakin Azərbaycanda jurnalistlər üçün ilk dəfə bu cür geniş miqyaslı layihənin həyata keçirilməsinə dəstək veririk. Bu “Azercell”in Azərbaycanda insan qaynaqlarına, o cümlədən jurnalistlərə ən gözəl sərməyə yatırım imkanıdır”-deyə “Reuters” agentliyinin Bolqarıstan, Makedoniya və başqa ölkələrdə baş müxbiri işləmiş Anatoli Verbin bildirdi.
Treninq iyunun 22-də Azərbaycan mətbuatının ən məhşur nümayəndələrinin iştirakı ilə keçiriləcək təntənəli mərasimlə bitəcək. |