“Azercell Telekom” BM və Reuters Fondunun “Biznes Xəbərlərinin yazılması treninq”i uğurla başa çatdıBakı, 25 iyun 2007 Azərbaycanda ilk dəfə keçirilən bu treninqdə iştirak edən 16 jurnalistə sertifikat təqdim olundu
Müstəqil və güclü medianın vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm amil olduğunu nəzərə alaraq, “Azercell Telekom” Birgə Müəssisəsi “İnkişafı Paylaşmaq Platforması” çərçivəsində Azərbaycanda jurnalistikanın bu missiyasına dəstək olmaq məqsədilə müxtəlif layihələrin həyata keçirilməsinə başlayıb.
Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması məqsədilə “Azercell Telekom” BM-in nüfuzlu Reuters Fondu ilə birlikdə ilk dəfə olaraq keçirdiyi “Biznes Xəbərlərinin Yazılması Treninqi”də bu layihələrdən biridir.
Treninqdə iştirak etmək üçün 100-ə yaxın iddiaçı jurnalist içərisindən 16 KİV nümayəndəsi təlimlərdə iştirak üçün seçilib. İyunun 18-dən 22-nə kimi nəzəri-praktik formatda “Avropa” mehmanxanasında keçirilən treninqdə Reuters Fondunun dünya şöhrətli trenerləri – Oliver Ueytes və Anatoli Verbin jurnalistlərimizlə öz biliklərini paylaşıblar.
İyunun 22-də treninqin başa çatması münasibətilə tanınmış KİV rəhbərlərinin, dövlət təşkilatlarının, xarici ölkə səfirliklərinin və özəl müəssisələrin mətbuat katiblərinin də iştirak etdiyi təntənəli mərasim də çıxış edən “Azercell Telekom” BM-in baş müdiri A.Halim Ateş ilk növbədə treninq təlimçilərinə və iştirakçılarına təşəkkürünü bildirərək rəhbərlik etdiyi şirkətlə yerli mətbuat arasında qurulan sıx münasibətlərdən söz açdı: “Jurnalistlərlə əməkdaşlığımız göz qabağındadır. Uzun illərdir mətbuat və jurnalistlərlə olan əlaqələrimiz də bəllidir. Azərbaycanda jurnalist dostlarımız tərəfindən bizə verilən “İlin ən şəffaf şirkəti” mükafatı əməyimizin necə qiymətləndirilməsini açıq şəkildə göstərdi. Ümid edirəm ki, bu təlimlər zamanı topladığınız biliklər sizin peşəkar fəaliyyətinizdə, iş həyatınızda faydalı olacaq”.
Təlimçilərdən biri – “Reuters” agentliyinin SSRİ, Bolqarıstan, Portuqaliya, Pakistan, Braziliya üzrə baş müxbiri olmuş Oliver Ueytes bu cür gözəl imkan yaradıldığına görə “Azercell”ə öz minnətdarlığını çatdırdı. O, “Reuters” agentliyinin 100 ildən artıqdır jurnalistikanın ali prinsiplərinə əməl etdiyini bildirdi: “Əsas prinsip – ictimaiyyətə dəqiq, qərəzsiz xəbərlərin çatdırılmasıdır. Əgər biz qeyri-dəqiq informasiyanı cəmiyyətə çatdırsaydıq, iflasa uğrayardıq. Mən vaxtilə agentlikdə topladığım bilik və bacarıqlarımı mümkün qədər azərbaycanlı həmkarlarımla bölüşdüm. Ümid edirəm, bu biliklər sizə işinizdə yardım göstərəcək”.
Tədbirdə çıxış edən treninq iştirakçısı,“525-ci qəzet”in müxbiri Zümrüd Dəmirova bu təlimləri “Azərbaycan jurnalistikasına qoyulan ən yaxşı yatırım” kimi qiymətləndirdi. “Respublika” qəzetinin təmsilçisi Gülşən Hüseynova gələcəkdə də belə treninqlərin keçiriləcəyinə ümid etdiyini söylədi.
Daha sonra təlim iştirakçılarına sertifikatlar və “Azercell Telekom”un xüsusi hədiyyələri təqdim olundu.
Qeyd edək ki, treninqdə Elşad Məmmədli (“Yeni Müsavat” qəzeti), Bəhruz Məhərrəmov (“Azad Azərbaycan” Teleradio Yayım Şirkəti), Zümrüd Dəmirova (“525-ci qəzet”), Elnur Şibliyev (Medial Holdinq – “Lider” TV), Nicat Mustafayev (“Fineko” agentliyi), İlham Məmmədov (“Azadinform” agentliyi), Timur Hüseynov (“Day.az” xəbər portalı), Nigar Məmmədova (APA agentliyi), Mahir Zeynalov (“Xalq cəbhəsi” qəzeti), Gülər Kərimli (“Üç nöqtə” qəzeti), Gülşən Hüseynova (“Respublika” qəzeti), Orxan Muradov (“AzərTAc” Dövlət Teleqraf Agentliyi), Ülviyyə Məmmədova (Gəncə Media Mərkəzi), Esmira Xəlilova (ANS Media Yayım Şirkəti), Ruslan Nuriyev (müstəqil jurnalist) və Seymur Yunusov (“İqtisadiyyat” qəzeti) iştirak edirdilər. |