Azərbaycan dilindəIn EnglishПо-русски

Azercell və ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistlər üçün peşəkar təlim təşkil etdi.

Bakı, 13 iyul 2007

2007-ci ilin əvvəlindən etibarən “Azercell Telekom” BM Azərbaycanda peşəkar jurnalistikanın inkişafına yönələn və “İnkişafı Paylaşmaq Platforması” adlanan yeni strategiyasını həyata keçirir. Bu strategiya Kütləvi İnformasiya Vasitələri ilə sıx münasibətlərin yeni mərhələsidir və onun əsas məqsədi regionun aparıcı telekommunikasiya şirkəti olaraq, “Azercell”-in əldə etdiyi inkişafı cəmiyyətimizin güzgüsü olan mətbuatla paylaşmasıdır.

İyulun 11-də “Azercell Telekom” BM ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birlikdə Amerikanın nüfuzlu media eksperti Debora Potterin jurnalistlər üçün "Biznes Jurnalistikası" mövzusunda mühazirəsini təşkil etdi.

Tədbirdə çıxış edən ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik jurnalistlərin peşəkarlığının artırılması istiqamətində "Azercell Telekom" BM-lə əməkdaşlıqdan məmnun olduqlarını bildirdi: "ABŞ səfirliyi Azərbaycanda güclü, müstəqil mətbuatın olmasında maraqlıdır. Biz "Azercell"in media ilə bağlı siyasətini bəyənirik və bu səbəbdən də onlarla əməkdaşlığa qərar vermişik. Şirkətin bu istiqamətdəki təşəbbüslərini dəstəkləyir və hesab edirik ki, birgə işləyib Azərbaycan jurnalistlərinin peşəkarlığını artıra bilərik".

35 il jurnalistika ilə yaxındır məşğul olduğunu və daha çox televiziya sahəsində ixtisaslaşdığını deyən Debora Potter bildirdi ki, bu illər ərzində CBS News, CNN, və Amerikanın İctimai Televiziyasında fəaliyyət göstərib. Son 13 ildə isə daha çox jurnalistikanın tədrisi ilə məşğul olub. “Amerika” və “Poynter” institutlarında jurnalistika fənni üzrə dərs deyib və dünyanın bir çox ölkələrində jurnalistlər üçün seminarlar keçib. Amerikada Radio və Televiziya Xəbərləri Direktorları Fondunun icraçı direktoru vəzifəsində çalışan D.Potter 1998-ci ildən həm də Vaşinqtonda jurnalistlər üçün yaratdığı "Newslab" internet resurs mərkəzinə rəhbərlik edir.

Xanım Potter bildirdi ki, Azərbaycana ABŞ Dövlət Departamentinin xətti ilə gəlib və bu dəvətə səbəb jurnalistlər üçün yazdığı kitabdır. D.Potter "Müstəqil jurnalistika üzrə məlumat kitabçası" adlanan bu nəşri təlimdə iştirak edən azərbaycanlı jurnalistlərə də payladı.

“Azercell Telekom” BM-in dəstəyi ilə keçirilən bu mühazirənin azərbaycanlı jurnalistlər üçün faydalı olacağına ümid edirəm. Biznesdən yazan jurnalistlərin peşəkarlığının artırılması dinamik templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatı nailiyyətlərinin düzgün işıqlandırılmasına səbəb olacaq”, - deyə Debora Potter bildirdi.

Mühazirəsində amerikalı mütəxəssis biznes xəbərlərinin yazılma qaydalarına toxundu. Öz təcrübəsini paylaşmaqla yanaşı, D.Potter təlim iştirakçılarının da fikirlərini öyrəndi.

Müstəqil və güclü medianın vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm amil olduğunu nəzərə alaraq, “Azercell Telekom” BM “İnkişafı Paylaşmaq Platforması” çərçivəsində Azərbaycanda jurnalistikanın bu missiyasına dəstək olmaq məqsədilə bundan sonra da müxtəlif layihələr həyata keçirəcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr