“Fintur Holdings”-in səhmdarı olan “TeliaSonera” şirkəti 300 milyon dollara ABŞ-ın “MCT” şirkətini aldı Bakı, 06 avqust 2007 Şimal və Baltik regionunda qabaqcıl telekommunikasiya şirkəti olan “TeliaSonera” 16 iyul 2007-ci il tarixində “MCT Corp.” (“MCT”) şirkətinin əldə edilməsi prosesini bağladı. Bu proses 9 iyul tarixində elan edilmişdi. “TeliaSonera” şirkəti “MCT”-nin səhmlərinin 100%-ni əldə etdi. “MCT” ABŞ şirkətidir və bu şirkət Özbəkistan və Tacikistandakı GSM operatorlarında əsas idarəedici səhmlərə, Əfqanıstanın aparıcı GSM operatorunda isə kiçik paya sahibdir. “MCT”-nin əldə edilməsi prosesi 2 milyard İsveç kronuna və ya 300 milyon ABŞ dollarına başa gəldi.
“Bu əməliyyat “TeliaSonera” şirkətinin qabaqcıl Avrasiya mobil operatoru kimi strategiyasını nümayiş etdirir və bizim regiondakı öhdəliklərimizi möhkəmləndirir. Ümumi əhalisinin sayı 67 milyon təşkil edən, inkişaf etməkdə olan iqtisadiyyata və nisbətən aşağı mobil penetrasiya səviyyəsinə malik Özbəkistan, Tacikistan və Əfqanıstan “TeliaSonera” üçün Avrasiyada gözəl inkişaf imkanıdır”, - deyə “TeliaSonera”-nın Avrasiya bölgəsi üzrə rəhbəri Tero Kivisaari bildirib.
“MCT”-nin paya sahib olduğu dörd GSM operatoru:
- Özbək-Amerikan Birgə Müəssisəsi “Coscom” MMC – Özbəkistanda üçüncü ən böyük mobil operatordur. 2007-ci ilin may ayına bu operatorun abunəçilərinin sayı 393,000, bazar payı isə təxminən 11% təşkil etmişdir. 2006-cı ildə “Coscom” şirkətinin xalis satışı 26 milyon ABŞ dolları, xalis gəliri isə 5.8 milyon ABŞ dolları olmuşdur. “MCT” bu operatorda 99.97 % paya sahibdir. Özbəkistanda mobil penetrasiya səviyyəsi 13% təşkil edir.
- “Indigo-Tacikistan” QSC və “Somoncom” Birgə Müəssisəsi QSC – Tacikistanda ikinci ən böyük mobil operatorlardır. 2007-ci ilin may ayına bu operatorların abunəçilərinin sayı 377,000, bazar payı isə təxminən 27% təşkil etmişdir. 2006-cı ildə şirkətlərin xalis satışı 27 milyon ABŞ dolları, xalis gəlir isə 13.7 milyon ABŞ dolları olmuşdur. “MCT” “Somoncom” Birgə Müəssisəsində 59.4 %, “Indigo-Tacikistan” QSC-də isə 60% paya sahibdir. Tacikistanda mobil penetrasiya səviyyəsi 20% təşkil edir.
- “Telecom Development Company Afghanistan Limited” (“Roshan”) şirkəti Əfqanıstanda ən böyük mobil operatordur. 2007-ci ilin may ayına bu operatorun abunəçilərinin sayı 1,300,000, bazar payı isə təxminən 50% təşkil etmişdir. 2006-cı ildə “Roshan” şirkətinin xalis satışı 191 milyon ABŞ dolları, xalis gəlir isə 66.5 milyon ABŞ dolları olmuşdur. “MCT” bu operatorda 12.25 % paya sahibdir. Əfqanıstanda mobil penetrasiya səviyyəsi 8% təşkil edir.
“TeliaSonera AB” proses bağlandıqdan sonra Özbəkistan və Tacikistanda əməliyyatları birləşdirəcək. Əfqanıstandakı əməliyyatlar isə investisiya kimi qeyd olunacaq.
“TeliaSonera” (58,55%) və “Turkcell” (41,45%) şirkәtlәrinin birgә müәssisәsi olan “Fintur Holdings B.V.” şirkəti 1996–cı ildən etibarən, Avrasiyada “TeliaSonera” şirkətlər qrupunun fəaliyyətlərini idarə edir. “Fintur Holdings” Azərbaycanda (Azercell), Gürcüstanda (Geocell), Qazaxstanda (K-Cell) və Moldovada (MoldCell) mobil rabitə operatorlarının əsas səhmdarıdır. |