“Azercell”dən yeni xidmət – “Mobilbank”Bakı, 21 yanvar 2008 “Azercell Telekom” BM-nin abonentləri Azərbaycanda analoqu olmayan daha bir yeni xidmətdən - "MobilBank" xidmətindən yararlana bilərlər.
Bu xidmət növü abonentlərə vaxta qənaət etməyə imkan verməklə bərabər, həftənin 7 günü 24 saat ərzində ölkə hüdudlarından kənarda olduqda belə bank hesablarının vəziyyəti, son əməliyyatlar barədə məlumat, hesablarında olan vəsaitlərin hərəkəti zamanı (mədaxil və ya məxaric) bu barədə məlumat almaq, istənilən zaman mobil telefon xərclərini və elektrik enerjisi haqqını birbaşa telefonlarından ödəmə imkanı yaradır.“
MobilBank” xidmətinə izn xüsusi məxfi şifrə (PIN) vasitəsilə mühafizə olunur (şifrə müştəri tərəfindən təyin edilir).
Yeni xidmətdən yararlanmaq istəyən “Azercell” abonenti əvvəlcə "MobilBank" xidmətinə qoşulmalıdır. “MobilBank" xidmətinin köməyi ilə abonent mobil telefonun üzərindən ona məxsus bank kartları vasitəsilə əməliyyatlar apara biləcək. Abonentin kartı vasitəsilə aparılan hər əməliyyat barədə onun mobil telefonuna SMS-lə məlumat göndəriləcək. SMS-lə məlumatın göndərilməsi “Azercell Telekom” tərəfindən təmin edilir. "MobilBank" xidmətin əhatəsinə Beynəlxalq Bankın plastik kartlarına sahib olan “Azercell Telekom” BM-nin bütün abonentləri, o cümlədən Fakturalı və bütün Fakturasız xətt abonentləri daxildir. Beynəlxalq Bankın kart sahibləri olan abonentlər "MobilBank" xidmətinə qoşulmaq üçün "Azercell Telekom" BM-nin Müştəri Xidmətlərinə müraciət etməlidir. Müştəri Xidmətlərində abonent yeni xüsusi SİM kartla təmin ediləcək. Bundan sonra kart sahibi xidmət olunduğu bankın müştəri xidməti strukturuna müraciət edərək, “MobilBank” xidmətinə qoşulmaq barədə Ərizə formasını və xidmətə qoşulma Qaydalarını əldə etməlidir. Ərizə qəbul olunduqdan sonra 2 (iki) iş günü ərzində abonent müvafiq informasiya sisteminə daxil edilir və xidmətə qoşulur. Abonent xidmətə qoşulduqdan sonra onun mobil telefonuna SMS şəklində avtomatik olaraq qoşulma haqqında bildiriş göndərilir və başlanğıc menyusu yüklənilir.
"MobilBank" xidmətindən istifadə haqqı 7112 nömrəsindən göndərilən hər bir SMS üzrə Fakturasız xətt abonentləri üçün 10 qəpik, Fakturasız xətt abonentləri üçünsə 22 (iyirmi iki) kontur səviyyəsində müəyyən edilib.
Beləliklə, sayı yüzlərlə ölçülən müasir “Azercell” xidmətlərinə daha biri əlavə olundu. Ölkəmizin mobil rabitə bazarının lideri, rabitə vasitəsi kimi baxdığımız mobil telefonu bir il əvvəl “Simurq” xidməti ilə fərdi informasiya vasitəsinə çevirmişdi, "MobilBank" xidməti ilə isə “Azercell” mobil telefonlarını həm də ödəmə vasitəsi etdi. |