“Azercell Telekom” BM 3GSMA Dünya konqresində iştirak edir!Bakı, 11 fevral 2008 11-14 fevral tarixlərində İspaniyanın Barselona şəhərində 3GSMA Dünya Konqresi keçiriləcək. Qeyd edək ki, 3GSMA Dünya Konqresi simsiz rabitəyə həsr olunan illik ənənəvi konfrans və sərgidir. Bu tədbirdə sənayenin gələcəyi müəyyən olunur və biznes əlaqələr yaradılır. Konqres çərçivəsində GSM Assosiasiyası (GSMA) Barselonada GSMA Liderlik üzrə zirvə toplantısı, Mobil sənayenin yenilikləri mövzusunda Forum, “Mobile İnnovation Global” mükafatının təqdimetmə mərasimi və bir sıra digər seminar və forumlar təşkil edəcəkdir.
“Azercell Telekom” BM 3GSMA Dünya Konqresində Azərbaycandan iştirak edən yeganə şirkətdir. Konqresdə Baş Müdür A.Halim Ateş başda olmaqla, “Azercell” rəhbərliyi iştirak edəcək. “Azercell Telekom”un iştirakı, "TeliaSonera" şirkətlər qrupunun Avrasiyada fəaliyyətlərini idarə edən "Fintur Holdings" B. V. şirkətinin rəhbərliyi altında keçir.
“Azercell Telekom” BM mobil sənaye sahəsində dünyanın ən nəhəng sərgisində ikinci dəfə olaraq iştirak edir. 3GSM Beynəlxalq Konqresi zamanı “Azercell Telekom” BM fəaliyyət göstərdiyi bazarın, yəni Azərbaycanın yalnız iqtisadi cəhətdən deyil, həmçinin siyasi və ictimai cəhətdən də inkişaf etdiyi barədə iştirakçıları məlumatlandıracaqdır. Bu növ tədbirlərdə iştirak “Azercell Telekom” BM-in "Azərbaycan və azərbaycanlılar hər şeyin ən yaxşısına layiqdir" strategiyası çərçivəsində ölkədə ən yeni texnologiyaların tətbiqi kimi ənənəsinə sadiq qalmağa yardım edəcəkdir. Regionda örnək şirkət kimi “Azercell Telekom” BM texnologiya yenilikləri ilə tanış olaraq, əldə etdiyi məlumat və biliklərdən abonentlərinə yüksək səviyyəli xidmət göstərmək üçün istifadə edəcəkdir.
3GSMA Dünya Konqresinin 24-cü ildönümünə təsadüf edən bu ilki Konqresə 9000 nəfər nümayəndə dəvət olunub, tədbirin iştirakçı auditoriyası isə 60 mindən artıq insanı əhatə edəcək. Hər il bu beynəlxalq tədbirdə simsiz rabitə sənayesinin bütün sahələrində fəaliyyət göstərən mindən artıq şirkət öz məhsullarını sərgiləyir. Tədbirin tam miqyası haqqında təssəvvür yaratmaq üçün əlavə edək ki, sərgi ümumi sahəsi 295.00 kv.m olan 8 zala yerləşir. Burada 1400 eksponat nümayiş olunacaq, 250 nəfər çıxış edəcək. Tədbiri 2300 nəfər media nümayəndəsi, o cümlədən “Azercell”-in dəstəyi ilə Barselonaya gedəcək azərbaycanlı jurnalistlər də işıqlandıracaq.
Azercell Telekom MMC Mətbuat Xidməti |