“Azercell Telekom” növbəti dəfə “Uğur” mükafatı qazandıBakı, 19 fevral 2008 Şirkət “Uğurlu rebrendinqə görə” mükafatlandırıldı
Fevralın 16-da iqtisadiyyat və biznes sahəsində “Uğur 2007” milli mükafatının təqdimat mərasimi keçirildi. “Consulting & Business” jurnalının təsis etdiyi bu mükafat iş adamlarına, dövlət və ictimai xadimlərə onların milli iqtisadiyyatın möhkəmlənməsi və inkişafında olan xidmətlərinə görə verilir.
“Gülüstan” sarayında baş tutan tədbirdə “Uğur” mükafatının təşkilat komitəsinin sədri İbrahim Baharov çıxış edərək mükafatın təsis olunma səbəblərindən danışdı. Daha sonra iqtisadiyyat və biznes sahəsində mükafatın təqdimatına başlandı. Hər dəfə olduğu kimi bu dəfə də laureatlar sırasında “Azercell Telekom” şirkətinin adı ilk yerlərdə səsləndi. Ölkəmizin ən iri mobil operatoru “Uğurlu rebrendinqə görə” mükafata layiq görüldü. Təqdimatdan öncə “Azercell”in uğurlu fəaliyyətini əks etdirən bir neçə dəqiqəlik video çarx nümayiş etdirildi. Süjetdə qeyd olundu ki, 3 milyon abonenti olan “Azercell Telekom” 2000-ci ildə özünün keyfiyyətli idarəetmə sistemini qurub və buna görə regionda ilk dəfə olaraq bu sistemin Beynəlxalq İSO 9001 standartına uyğunluğu barədə sertifikat alıb.
“Uğur 2007” mükafatını “Azercell Telekom”un mətbuat katibi Rüfət Abbasov qəbul etdi. O, təmsil etdiyi şirkətin hədəflərindən söz açdı: “12 il Azərbaycana və azərbaycanlılara xidmət göstərən “Azercell” ötən ilin əvvəlində yeni Korporativ Brendimiz olan “Bizi birləşdirən dəyər”i açıqladı. Biz bu şüar altında fəaliyyət göstərərək Azərbaycanın qürur duyacağı şirkət olmaq niyyətindəyik”. Rüfət Abbasov şirkətin fəaliyyətinin qiymətləndirdiyinə görə mükafat təsisçilərinə təşəkkürünü bildirdi.
Mərasimdə bir sıra iş adamları, şirkət və qurum rəhbərləri “Uğur2007” mükafatı ilə təltif olundular.
Mükafat sahiblərinin adları jurnalın keçirdiyi sorğu nəticəsində bəlli olur. Respondentlər demək olar, hər il “Azercell Telekom"un uğurlarını qeyd ediblər. Belə ki, “Azercell Telekom” 2000-ci ildə “Xidmət həcminin və keyfiyyətinin stabil inkişaf sürətinə” görə, 2002-ci ildə “Ən yaxşı idarəetməyə” görə “Uğur” mükafatına layiq görülüb. 2003-cü ildə “Azercell” ilin şirkəti seçilib. 2004-cü ildə "İlin xeyriyyəçisi" adına layiq görülən şirkət “GəncSim”ə görə 2005-ci ildə “İlin layihəsi” mükafatını alıb. Elə həmin il “Azercell” həm də “Telekommunikasiya” nominasiyasında qalib çıxıb. Şirkətin baş müdiri Halim Ateş isə ötən il “İlin top meneceri” kimi “Uğur” mükafatı ilə təltif edilib. |