Azərbaycan dilindəIn EnglishПо-русски

Bakıda telejurnalistlər üçün beynəlxalq treninq keçiriləcək

Bakı, 26 fevral 2008

Jurnalistlərlə əməkdaşlığa böyük önəm verən “Azercell Telekom” şıirkəti media işçilərinin peşəkarlığının artırılması istiqamətində fəaliyyətini davam etdirir. Mart ayında “Azercell” Azərbaycanda ilk dəfə telejurnalistlər üçün beynəlxalq treninq təşkil edəcək. Azərbaycanla yanaşı Moldova, Gürcüstan, Qazaxıstan və Özbəkistanın televiziya jurnalistlərinin qatılacağı treninq zamanı Reuters Televiziyasının nüfuzlu jurnalistləri televiziya xəbərlərinin hazırlanması, xəbərləri araşdırma, televiziya üçün yazma, kameradan effektiv istifadə etmə, redaktə və digər önəmli yaradıcı proseslər barədə danışacaq. Treninqdə mühazirələrlə yanaşı praktik çalışmalar və video nümunələrdə olacaq ki, bu təlimlərin effektivliyini artıracaq.

Treninq martın 10-u və 14-ü arasında baş tutacaq və iştirakçılar hər gün müxtəlif oyunlar, nəzəri və praktiki tapşırıqlar yerinə yetirməklə professional biliklərini daha da artıracaqlar.

Treninqi Reuters Televiziyasının MDB üzrə baş prodüseri Nino İvanişvili və Reuters agentliyinin Bolqarıstanda baş müxbiri işləmiş, hazırda fondun xəttilə treninqlərdə çıxış edən Anatoli Verbin keçirəcək.

“Fintur Holdings” Şirkətlər Qrupunun dəstəyi ilə təşkil olunacaq beynəlxalq treninqi müvəffəqiyyətlə başa vuran iştirakçılara “Azercell” və Reuters sertifikatı təqdim olunacaq.

Treninqin bir özəlliyi də ondadır ki, burada ümumilikdə beş ölkə - Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Moldova və Özbəkistandan iştirakçılar qatılacaq. Treninq zamanı azərbaycanlı TV jurnalistlər qonşu ölkələrdən olan həmkarları ilə fikir mübadiləsi aparmaq və işgüzar əlaqələr qurmaq imkanı qazanacaqlar.

Moldova, Gürcüstan, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən və səhmlərinin əsas hissəsi “Fintur Holdings” Şirkətlər Qrupuna məxsus olan “Moldcell”, “Geocell”, “K’Cell” və “Coscom” mobil operatorları öz ölkələrində çalışan telejurnalistlər arasında müsabiqə elan edərək qalibləri “Azercell”-in Bakıda təşkil olunacaq beynəlxalq treninqinə göndərəcək. Bakıda olduqları müddətdə xarici telejurnalistlərə Azərbaycanın ən gözəl guşələri göstəriləcək və onlarda Azərbaycan haqqında müsbət fikrin formalaşmasına dəstək veriləcəkdir.

Ümumilikdə beş iştirakçı ölkədən yalnız 15 namizəd seçiləcək və məhz TV jurnalistika sahəsində peşəkar təcrübəyə malik ekspertlər tərəfindən həyata keçiriləcək nüfuzlu beynəlxalq treninq proqramına qoşulmaq şansı əldə edəcəklər.

Beynəlxalq treninqdə iştirak etmək istəyənlərin:

  • Telejurnalistika sahəsində ən azı iki il praktik təcrübəsi olmalı;
  • Hazırda televiziya şirkətlərindən birində işləməli;
  • Rus dilində sərbəst danışmaq və yazmaq bacarığına sahib olmalı;
  • Telejurnalistika sahəsində karyerasını davam etdirmək niyyətində olmalı;
  • Nəhayət, kursun baş tutacağı tarixdə Bakıda olmalıdır.

Telejurnalistlər üçün nəzərdə tutulan beynəlxalq treninq haqqında ətraflı məlumatı və təlimlərdə iştirak etmək üçün Ərizə formasını www.azercell.com internet səhifəsindən əldə etmək olar.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr