Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell”in Bakıda təşkil etdiyi Telejurnalistlər üçün ilk Beynəlxalq Treninq başladı

Bakı, 11 mart 2008

“Azercell Telekom”un Bakıda təşkil etdiyi Telejurnalistlər üçün ilk Beynəlxalq Treninq öz işinə başladı. Azərbaycanla yanaşı Moldova, Gürcüstan və Qazaxstanın televiziya jurnalistlərinin qatıldığı treninqi “Reuters” Televiziyasının MDB üzrə baş prodüseri Nino İvanişvili və “Reuters” agentliyinin Bolqarıstan üzrə baş müxbiri işləmiş Anotoli Verbin aparır. Treninqin ilk günündə “Biznes xəbərləri nədir?”, “Televiziya şəkillərlə yazılmış xəbərlərdir”, “Televiziya bir komandadır” mövzuları ətrafında müzakirələr aparılıb, jurnalistlərə televiziya süjetinin mövzusunu düzgün seçməyin və onu düzgün hazırlamağın yolları izah edilib. “Reuters”in mütəxəssisləri təlim iştirakçılarına “yalnız xəbərin doğruluğu əsas şərt deyil, o həm də maraqlı olmalıdır” tövsiyyəsini verərək tamaşaçı marağının nəzərə alınmasını televizya süjeti üçün ən vacib şərtlərdən biri kimi qiymətləndiriblər.

Təlimin səmərəsini artırmaq üçün ekspertlər jurnalistlərlə müxtəlif yaradıcı oyunlar keçirib, iştirakçılar üçün videonümunələr nümayiş etdiriblər.

Beş gün davam edəcək treninq müddətində media təmsilçilərinə televiziya xəbərlərinin hazırlanması, xəbərləri araşdırma, televiziya üçün yazma, kameradan effektiv istifadə etmə, digər önəmli yaradıcı proseslər barədə ətraflı bilgi veriləcək. İştirakçılar hər gün mühazirələr dinləməklə, həmçinin müxtəlif oyunlar, nəzəri və praktiki tapşırıqlar yerinə yetirməklə peşəkar biliklərini artıracaqlar.

“Bu “Fintur Holdings" Şirkətlər Qrupunun dəstəyi ilə mətbuata yönəlik ilk peşəkar inkişaf layihəsidir. Çox məmnunam ki, bu layihəni "Azercell" olaraq biz həyata keçiririk. Ümid edirik ki, bu treninq həm azərbayanlı, həm də xarici jurnalistlərin peşəkar inkişafı baxımından çox yararlı olacaq”, - deyə treninqin açılışında çıxış edən “Azercell Telekom” şirkətinin mətbuat katibi Rüfət Abbasov bildirdi.

Treninq zamanı azərbaycanlı jurnalistlər həmçinin qonşu ölkələrdən olan həmkarları ilə fikir mübadiləsi aparmaq və işgüzar əlaqələr qurmaq imkanı da qazanacaqlar.

“Fintur Holdings” Şirkətlər Qrupunun dəstəyi ilə təşkil olunan beynəlxalq treninqi müvəffəqiyyətlə başa vuran iştirakçılara martın 14-də “Avropa” otelində keçiriləcək mərasimdə “Azercell” və “Reuters” sertifikatı təqdim oluncaq. Qeyd edək ki, beynəlxalq treninqdə iştirak üçün Azərbaycan və digər ölkələrdən ümumilikdə 15 namizəd seçilib. Azərbaycanlı jurnalistlər arasında həm respublika, həm da bölgə televiziyalarının təmsilçiləri var. Xarici jurnalistlər isə bu təlimə öz ölkələrinin mobil operatorlarının seçimi əsasında qoşulublar. Moldova, Gürcüstan və Qazaxıstanda fəaliyyət göstərən və səhmlərinin əsas hissəsi “Fintur Holdings” Şirkətlər Qrupuna məxsus olan “Moldcell” “Geocell” və “K’Cell” mobil operatorları öz ölkələrində çalışan telejurnalistlər arasında müsabiqə keçirərək qalibləri Bakıdakı treninqə göndəriblər.

Jurnalistlərlə əməkdaşlığa böyük önəm verən “Azercell Telekom” media işçilərinin peşəkarlığının artırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.

Tədbirdən görüntülər


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr