Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell Telekom” şirkətinin təşkilatçılığı ilə keçirilən Telejurnalistlər üçün Beynəlxalq Treninq başa çatdı

Bakı, 18 mart 2008

“Azercell Telekom”un telejurnalistlər üçün Bakıda təşkil etdiyi ilk beynəlxalq treninq yekunlaşdı. Beş gün davam edən təlimlərin sonuncu günü – martın 15-də treninq iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirildi.

Treninqdə iştirak edən yerli jurnalistlər və xarici qonaqları “Azercell Telekom” şirkətinin prezidenti Halim Ateş salamladı. O, həm “Azercell”in, həm də jurnalistlərin daim eyni məqsəd uğrunda çalışdıqlarını söylədi: “Sizin işiniz insanlara doğru məlumatı vaxtında çatdırmaq, bizlərin məqsədimiz isə insanların hər yerdə sürətli və keyfiyyətli şəkildə məlumatları çatdırmalarına yardımçı olmaqdır. Bizlər bir-birimizi tamamlayan bir parçayıq”.

Şirkət prezidentinin sözlərinə görə, “Azercell Telekom” məhz bu çalışmaları birlikdə daha yaxşı həyata keçirə bilmək üçün “İnkişafı Paylaşmaq Platforması” adı altında mətbuatın inkişafına yönəlik strategiya həyata keçirməyə başladıb. Həmin platforma çərçivəsində jurnalistlər üçün müsabiqə keçirildiyini, ingilis dili kursları təşkil olunduğunu, qəzet işçilərinin qatıldığı treninq keçirildiyini xatırladan Halim Ateş indi bu platformanı yüksək səviyyəyə qaldırdıqlarını bildirdi: “Əvvəllər bu inkişafı öz aramızda paylaşırdıq. İndi isə “Azercell”in əsas səhmdarlarından olan “Fintur” ailəsini də içimizə alaraq bu platformanı beynəlxalq bir hala gətirdik. Əvvəllər treninqlər üçün biz başqa ölkələrə gedirdik. Bu gün isə başqa ölkələrdən olan dostlarımız Azərbaycana gəlirlər, həm bizim platformanı paylaşır, həm də ölkəmizi daha yaxından tanıyırlar. Əminəm ki, onlar öz ölkələrinə qayıtdıqda, burada gördüklərini öz ölkələrində də paylaşacaqlar. Ümid edirəm ki, burada keçirdikləri günlər onların iş həyatına təsir göstərəcək. Belə təsiri görəndən sonra isə onlar Azərbaycanı və bizləri yada salacaqlar”.

“Azercell Telekom”un prezidenti Halim Ateş bildirdi ki, televiziya jurnalistləri üçün keçirilən treninqdə Azərbaycanla yanaşı Qazaxıstan, Moldova və Gürcüstandan media nümayəndələri də iştirak ediblər. Cənab Ateş treninq iştirakçılarına və təlimi aparan trenerlərə təşəkkürünü bildir. O, gələcəkdə Reuters Fondu ilə birgə çalışmaların davam etdiriləcəyini, sıx əməkdaşlıq çərçivəsində peçəkar jurnalistikanın inkişafına istiqamətlənmiş fəaliyyətlərini davam etdirəcəklərini bildirdi.

Reuters Fondunun əməkdaşı “Reuters” agentliyinin Bolqarıstan üzrə baş müxbiri işləmiş Anotoli Verbin tədbirdə çıxış edərək bildirdi ki, jurnalistlər üçün istənilən sahədə “ilk” sözünün qızıl qədər çəkisi var: “İnsanlar da adətən ilk dəfə baş verən hadisələri yadda saxlayırlar. Bu treninq isə Bakıda özəl şirkət tərəfindən təşkil edilmiş ilk belə beynəlxalq tədbir idi. Deməli, biznes qurumları onlara peşəkar jurnalistlərin gərəkli olduğunu anlayırlar. Eynilə media nümayəndələri isə peşəkar, inkişaf etmiş biznes şirkətləri ilə işləmək arzusundadırlar”. Cənab Verbin bu cür səviyyəli təlimin təşkili üçün “Azercell Telekom” şirkətinə və iştirakçılara təşəkkür edərək gələcəkdə də həvəslə Bakıya gələcəyini bildirdi.

Sonda treninq iştirakçılarına sertifikatlar və “Azercell Telekom” tərəfindən hədiyyələr təqdim olundu. İştirakçılar arasında Gürcüstanın “Rustavi 2”, Moldovanın “ANTV”, Qazaxıstanın “TAN”, “Xəbər”, “Astana” telekanallarının, Azərbaycandan isə həm ümumrespublika, həm də bölgə televiziyasının əməkdaşları vardı.

Qeyd edək ki, martın 10-15-də davam edən təlimlərdə “Reuters” Televiziyasının MDB üzrə baş prodüseri Nino İvanişvili də trener ismində iştirak edib. Seminar zamanı maraqlı mühazirələrlə yanaşı, jurnalistlərlə müxtəlif yaradıcı oyunlar keçirilib, iştirakçılar üçün videonümunələr nümayiş etdirilib. Jurnalistlərə televiziya xəbərlərinin hazırlanması, xəbərləri araşdırma, televiziya üçün yazma, kameradan effektiv istifadə etmə, digər önəmli yaradıcı proseslər barədə ətraflı bilgi verilib.

Bu beynəlxalq treninqdə iştirak üçün Azərbaycan və digər ölkələrdən ümumilikdə 15 namizəd seçilib. Xarici jurnalistlər bu təlimə öz ölkələrinin mobil operatorlarının seçimi əsasında qoşulublar. Moldova, Gürcüstan və Qazaxıstanda fəaliyyət göstərən və səhmlərinin əsas hissəsi “Fintur Holdings” Şirkətlər Qrupuna məxsus olan “Moldcell”, “Geocell” və “K’Cell” mobil operatorları öz ölkələrində çalışan telejurnalistlər arasında müsabiqə keçirərək qalibləri Bakıdakı treninqə göndəriblər.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr