Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell” növbəti dəfə “Caspian Telecoms 2008” konfransında iştirak edir

Bakı, 17 aprel 2008

Bu il aprelin 17-18-də İstanbulda Türkiyə, Rusiya, Xəzər, Qara dəniz, Mərkəzi Asiya bölgələrinin telekommunikasiya sahəsində ən böyük tədbiri baş tutacaq. İstanbul növbəti dəfə telekommunikasiya və informasiya texnologiyaları üzrə bölgənin ən böyük konfransı olan “Caspian Telecoms 2008” Konfransına və sərgisinə ev sahibliyi ecəcək.

Hər il telekommunikasiya sektoruna öz damğasını vuran “Caspian Telecoms“ konfransı bu il də “Azercell Telekom” MMC-nin əsas səhmdarı olan “Fintur Holdings” şirkətinin baş sponsorluğu ilə baş tutur.

Telekommunikasiya və İnformasiya Texnologiyaları üzrə 7-ci Beynəlxalq Konfrans və Sərgidə bölgənin bu sahə üzrə ən iri şirkətləri iştirak edir. Tədbirdə Əfqanıstan, Belarus, Bolqarıstan, İran, Qazaxıstan, Moldova, Monqolustan, Ukrayna, Yunanıstan, Rusiya və digər ölkələrin nümayəndə heyətləri də iştirak edir. Ümumilikdə konfransda 20-yə yaxın ölkədən 600-dən çox nümayəndənin iştirakı gözlənilir.

Hər il olduğu kimi bu dəfə də konfransa Azərbaycandan geniş nümayəndə heyəti yola düşəcək. Onlar sırasında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi ilə yanaşı, “Azercell Telekom” MMC-nin rəhbərliyi də var. İki günlük mərasimdə telekommunikasiya sektorunun yetkililəri ilə yanaşı, dövlət nümayəndələri də iştirak edəcək, müxtəlif mövzular üzrə məruzə ilə çıxış edəcəklər. Konfransda “Fintur Holdings” rəhbərliyi ilə yanaşı “Azercell Telekom” MMC-nin prezidenti Halim Ateşin çıxış edəcəyi də gözlənilir. “İnformasiya İpək Yolunun imkanları” adlı çıxışında cənab Ateş regionda, o cümlədən Azərbaycanda İKT sahəsində müşahidə olan inkişaf, sərmayə üçün yaranmış imkanlar və sektorun böyüməsində İnsan Qaynaqlarının rolu barədə məlumat verəcək.

Qeyd edək ki, “Azercell Telekom” üçün bölgənin ən iri telekommunikasiya konfransında iştirakı artıq bir ənənəyə çevrilib.

“Caspian Telecoms” Beynəlxalq konfrans və sərgisi yeni sərmayələr və beynəlxalq bazarlara açılma, yeni iş bağlantıları qurma, telekommunikasiya sektoruna yönəlik yeni nailiyyətlərdən məlumat almaq kimi mövzuların müzakirə ediləcəyi bir platforma olacaq. Bu tədbirdə kompüter və İT şirkətləri, GSM avadanlıqlarının istehsalçıları, GSM operatorları, maliyyə qurumları, maliyyə investisiya bankları, peyk rabitəsinin operatorları, internet təminatçıları, İT texnologiyaları üçün zəruri olan avadanlıq və qurğu istehsalçıları və başqa şirkətlər təmsil olunacaq. Konfransda iştirak edən qurumlar ən son yeniliklərini nümayiş etdirir, işgüzar əlaqələr yaradır, çoxsaylı müqavilələr imzalayırlar.

Qeyd edək ki, son altı il ərzində bu konfransa maraq artmaqda davam edir. Ötən ilki mərasimdə 500-ə yaxın qonaq iştirak edib. Bu il isə onların sayı artaraq 600-ü keçib. Bu dəfə “Caspian Telecoms 2008” beynəlxalq konfrans və sərgisinin 30-dan artıq rəsmi sponsoru var.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr