Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell”in prezidenti: “Azərbaycanın regionun texnoloji mərkəzinə çevrilmək imkanı var”

Bakı, 18 aprel 2008

Avrasiya bölgəsinin İKT sektoru investisiya yatırımı üçün olduqca perspektivli və effektlidir.

“APA-Economics”in Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu barədə İstanbulda keçirilən 7-ci «Caspian Telecoms-2008» Beynəlxalq Türkiyə, Qara dəniz, Xəzər dənizi, Rusiya və Mərkəzi Asiya ölkələri üzrə İKT sərgi-konfransındakı çıxışında «Azercell Telecom» şirkətinin prezidenti Halim Ateş bildirib. «Avrasiyada imkanlar» mövzusunda çıxış edən H. Ateşin sözlərinə görə, bu bölgədə İKT sektorunun sürətli inkişafı region dövlətlərinin intensiv iqtisadi inkişaf tempi ilə bağlıdır: “Belə ki, təkcə son 7 il ərzində Avrasiya bölgəsinin digər ölkələrlə xarici ticarət dövriyyəsinin həcmi 3 dəfə artıb. Bu bölgənin ölkələri arasındakı ticarət dövriyyəsinin həcmi isə eyni dövr ərzində 3,5 dəfə yüksəlib”.

H. Ateş hesab edir ki, «Azercell» şirkətinin əsas səhmdarı olan «Fintur Holding»in bu bölgədə təmsil olunduğu əsas 4 ölkədə – Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldovada son 7 il ərzində GSM abunəçilərinin ümumi sayının 10 dəfədən çox artaraq 15 mln, İnternet abunəçilərinin sayının isə 12 dəfədən çox artaraq 3 mln.-a çatması da Avrasiya məkanında İKT sektorunun sürətli inkişafından xəbər verir.

H. Ateş, həmçinin vurğulayıb ki, “Azercell” hazırda bölgədə, xüsusən də Azərbaycanda əsas diqqəti kadr siyasətinin həyata keçirilməsinə, insan resurslarının hazırlanması, onların bilik və bacarıqlarının peşəkarlıq baxımından artırılması və təkmilləşdirilməsinə yönəldib: «Təkcə 2007-ci ildə bu məqsədlərlə şirkətimiz 1,5 mln. ABŞ dolları həcmində sərmayə yatırıb, bu istiqamətdə kompleks tədbirlər bundan sonra da davam etdiriləcək».

Azərbaycanda olduqca geniş elmi potensiala malik olan insan resursları bazasının formalaşdığını bildirən H. Ateş, ölkənin regionun texnoloji mərkəzinə çevrilməsi üçün imkanlara malik olduğunu qeyd edib: «Bu, həm də dövlət rəhbərliyinin məqsədidir və bu istiqamətdə hökumət bizə lazımi yardım və dəstəyi göstərir».


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

SimSim, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr