Azərbaycan Qadın Jurnalistlər Birliyi “Аzercell Telekom” MMC-ni mətbuatın inkişafına dəstəyinə görə mükafatlandırdı Bakı, 06 may 2008 Milyonlarla insanı öz ətrafında birləşdirən “Аzercell Telekom” MMC daha bir mükafata layiq görüldü. Şirkət Azərbaycan mətbuatının inkişafı istiqamətində göstərdiyi xidmətlərə görə, bu dəfə Azərbaycan Qadın Jurnalistlər Birliyinin (AQJA) təsis etdiyi “İlin Media Uğuru” mükafatı ilə təltif olundu. Мükafatın təqdimat mərasimi Ümumdünya Mətbuat Azadlığı Günündə keçirildi.
Tədbirdə KİV və jurnalist təşkilatlarının rəhbərləri, ATƏT-in Bakı ofisinin rəhbəri, Norveç Krallığının ölkəmizdəki səfiri, BMT-nin Azərbaycanda resident əlaqələndiricisi və Avropa Birliyinin Azərbaycan üzrə nümayəndəsi də iştirak edirdi. BMT-nin təmsilçisi Bruno Pueza azad və təhlükəsiz mətbuatı demokratiyanın tərkib hissəsi adlandıraraq hər bir kəsi söz azadlığının bərqərar olmasına çalışmağa çağırdı. ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero isə mətbuat azadlığını insan azadlığının təməli kimi qiymətləndirdi.
Daha sonra mükafatın qaliblərinə diplomlar təqdim olundu. “Azercell Telekom” MMC “Azərbaycanda mətbuatın inkişafına göstərdiyi müstəsna dəstəyinə görə” AQJA tərəfindən “İlin Media Uğuru” mükafatına layiq görüldü.
Təqdimat zamanı Qadın Jurnalistlər Birliyinin İdarə Heyətinin sədri Sevinc Mirzəyeva bildirdi ki, “Azercell Telekom” MMC mətbuatla olan münasibətlərinə daim böyük önəm verib və özünü jurnalistlərin dostu bilərək onlara dəstək olub.
“Keçən il “Azercell” şirkəti Azərbaycanda peşəkar jurnalistikanın inkişafına yönələn və “İnkişafı Paylaşmaq Platforması” adlanan yeni strategiyası çərçivəsində çoxlu layihələr həyata keçirib. Amerikalı mütəxəssis DeboraPotterin “Biznes Jurnalistika” movzusunda mühazirəsi, jurnalistlərin xarici ölkələrə çoxsaylı səfərləri, jurnalistlər üçün pulsuz ingilis dili kursları, “Bizi Birləşdirən Dəyər” mövzusunda Yazı Müsabiqəsi, Reuters Fondu ilə bərabər “Biznes Xəbərlərinin Yazılması Treninqi” və Azərbaycanda Telejurnalistler üçün Ilk Beynəlxalq Treninq və çoxlu digər layihələri təşkil edib. Jurnalistlərlə daim ünsiyyətdə olаraq, onlarla açıq olmağa çalışıb və nəticədə “Azercell” jurnalistlər tərəfindən Azərbaycanın ən şəffaf şirkəti seçilib. Həmçinin də bu yaxınlarda “Azercell” şirkətinin Mətbuat Xidmətinin ilin ən yaxşı PR xidməti seçilməsi şirkətin mətbuatla olan münasibətlərinin inkişaf edən istiqamətdə irəliləməsini göstərir”-deyə Sevinc Mirzəyeva bildirdi.
Şirkət adından mükafatı qəbul edən “Azercell”-in mətbuat katibi Rüfət Abbasov AQJA və bütün xanım jurnalistlərə təşəkkür etdi.
Qeyd edək ki, Qadin Jurmalistlər Birliyi Azərbaycanın çap və elektron mətbuatında çalışan xanım jurnalistlərinin birgə təsis etdiyi təşkilatıdır.
Azercell Telekom MMC Mətbuat Xidməti |