Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell Telekom” MMC ilin Korporativ Sosial Məsuliyyətli şirkəti oldu

Bakı, 24 iyun 2008

M.Maqomayev adına Dövlət Filarmoniyasında “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatının təqdimat mərasimi baş tutdu. Cəmi 7 nominasiya üzrə təqdim edilən bu mükafatın laureatları sırasında “Azercell Telekom” MMC də vardı.

Təqdimat mərasimində çıxış edənlərin hər biri “Azercell Telekom”un uşaq problemlərinin həllindəki fəaliyyətini xüsusi qeyd etdi. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ehtiyacı olan uşaqlara yardım göstərdiyinə görə, “Azercell” şirkətinə təşəkkürünü bildirdi: “Azercell” daim ehtiyacı olan uşaqları sevindirib, onlara əl uzadıb, dəstəkləyib. Bu nəcib işdə nəinki uşaqlara, həmçinin böyüklərə, hətta ahıllara da dəstək verməkdə “Azercell”in böyük təcrübəsi var”.

UNİCEF-in Azərbaycan üzrə təmsilçisi Haana Singer isə əminliklə bildirdi ki, Azərbaycanda sağlam cəmiyyətin qurulması üçün özəl sektorun rolu çox önəmlidir. O, qeyd etdi ki, “Azercell”in uşaqlara yardım sahəsindəki fəaliyyəti ölkədəki digər şirkətlərə də nümunə ola bilər.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov vurğuladı ki, bundan sonra “Heç bir uşağı nəzərdən qaçırmayaq” mükafatı xeyriyyəçilik fəaliyyəti göstərən şirkətə deyil, Korporativ Sosial Məsuliyyətə önəm verən qurumlara təqdim ediləcək. N.Seyidovun fikrincə, belə bir mükafat Azərbaycandakı şirkətləri bu sahəyə daha məsuliyyətlə yanaşmağa vadar edəcək.

İlk dəfə olaraq məhz “Azercell Telekom” MMC Korporativ Sosial Məsuliyyət sahəsində verilən mükafata layiq görüldü. “İlin Korporativ Sosial Məsuliyyətli Şirkəti“ mükafatı “Azercell Telekom”un prezidenti Halim Ateşə təqdim olundu. Cənab Ateş bu mükafatın onlar üçün böyük önəm daşıdığını vurğuladı: “Ümid edirəm ki, bir gün gələcək və biz özəl qayğıya ehtiyacı olan uşaq tapmayacağıq. Amma həmin günə kimi görəcəyimiz çox iş var”. Halim Ateş bundan sonra da uşaqların problemlərinin həllinə yardımçı olacaqlarını, sosial məsuliyyətə ciddi yanaşacaqlarını söylədi.

“Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatı Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən təsis edilib. Mükafat artıq üçüncü ildir ki, uşaq hüquqlarının təbliği və müdafiəsi sahəsində fəaliyyəti ilə seçilmiş qurum və şəxslərə təqdim olunur. Mükafatın təsis edilməsində məqsəd uşaqlar üçün və uşaqlarla işləyən təşkilat və şəxslərin fəaliyyətini qiymətləndirmək, cəmiyyətin diqqətini onların işinə yönəltməkdən ibarətdir. Təsisçilər mükafatın qaliblərini müəyyənləşdirmək üçün əhali və Alyans üzvləri arasında sorğu keçiriblər.

Qeyd edək ki, uşaqların problemlərinə biganə qalmayan “Azercell Telekom” üç ildir ardıcıl olaraq “Heç bir uşağı nəzərdən qaçırmayaq” Milli İctimai Mükafatına layiq görülüb. Xatırladaq ki, Korporativ Sosial Məsuliyyəti Azərbaycanda təbliğ edən “Azercell Telekom”un təşəbbüsü və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının, Unicef-in dəstəyi ilə bu ilin may ayında Bakıda “Sadəcə gördüyümüz işə deyil, yaşadığımız cəmiyyətə də cavabdehik” şuarı altında ilk “Gələcəyə sərmayə” adlı beynəlxalq konfrans keçirilmişdi.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr