Azərbaycan dilindəIn EnglishПо-русски

“Media açarı”nın təqdimatı “Azercell”in sponsorluğu ilə keçirildi

Bakı, 23 iyul 2008

“Azercell Telekom” MMC-nin vitse-prezidenti Ali Ağan: “Gələcəkdə də mətbuatın yanında olacağıq”

Bu il iyulun 22-si Azərbaycanda mətbuatın yaranmasının 133-cü ildönümü qeyd olundu. Ənənəvi olaraq, jurnalistlərin peşə bayramında həm də “Media açarı” mükafatının təqdimatı baş tutdu.

Artıq 11-ci ildir keçirilən təqdimat mərasiminə Azərbaycanın tanınmış yazarları, aparıcı KİV rəhbərləri, siyasətçilər, QHT təmsilçiləri, həmçinin beynəlxalq qurumların nümayəndələri qatılmışdı. Mərasimin əvvəlində “Media açarı” mükafatının təsisçiləri çıxış edərək tədbir haqqında məlumat verdilər. Toplantı iştirakçılarını “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev salamladı. Sonra isə Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli söz alıb həmişə medianın yanında olan dostlardan danışdı: “Bu bayram günündə yenə də “Azercell Telekom” bizim yanımızdadır. Əminliklə demək olar ki, bu gün jurnalistlər üçün onların önəmi medianın özündən az deyil”.

“Azercell Telecom” MMC-nin vitse-prezidenti Ali Ağan jurnalistlərin bayramını təbrik etdi. “Burda olmaqdan qürur duyuruq” deyən cənab Ağan indi bizim bilgi və texnologiya çağında yaşadığımızı xatırlatdı: “Toplumun problemlərini daha yaxşı həll edə bilməyin bir yolu vaxtında və doğru bilgi əldə etməkdən ibarətdir. Mətbuat nümayəndələri düzgün bilgini toplayır, biz isə bu məlumatları mümkün olan qədər sürətlə bir qaynaqdan digərinə çatdırırıq”.

Bu baxımdan, “Azercell” və media işçilərinin eyni amal uğrunda çalışdıqlarını bildirən Ali Ağan onları bayram münasibətilə təbrik etdi . Vitse-prezident “Azercell Telekom” MMC-nin “İnkişafı paylaşmaq platforması” çərçivəsində indiyə qədər jurnalistlər üçün xeyli tədbirlər görüldüyünü, onların inkişafına yardım olacaq, peşəkarlıqlarının artırılmasına xidmət edən tədbirlər həyata keçirildiyini söylədi: “Biz bu “Media açarı” mükafatının təqdimolunma mərasiminin də sponsoru olmaqdan qürur duyuruq, hətta bunun bizim üçün bir görəv olduğunu düşünürük. Gələcəkdə də daim mətbuatın yanında olacağıq”.

Çıxışlar başa çatdıqdan sonra “Media açarı” mükafatının qaliblərinin adları açıqlandı. Beş nominasiya üzrə ən yaxşı jurnalist işlərinin sahiblərinə “Media açarı” ilə yanaşı diplom və pul mükafatı da təqdim edildi. Mərasim tanınmış sənət ustalarının iştirakı ilə başa çatdı.

Qeyd edək ki, “Azercell Telekom” MMC Azərbaycan jurnalistikasının ən nüfuzlu mükafatı sayılan “Media açarı”nın ilk sponsoru olub. Təsis olunduğu ildən etibarən hər il mükafatın təqdimat mərasimi məhz “Azercell”in dəstəyi ilə baş tutub. Bundan əlavə, şirkət daim jurnalistlərlə bağlı müxtəlif mərasim və tədbirlərin keçirilməsinə yardımını əsirgəməyib. “İnkişafı paylaşmaq platforması” çərçivəsində isə “Azercell” media nümayəndələrinin inkişafına kömək edən iri layihələr həyata keçirib. Onlar sırasında “Röyters” İnformasiya Agentliyi ilə birgə media nümayəndələri üçün keçirilən treninqi, biznes jurnalistikası üzrə təlimləri, “Bizi birləşdirən dəyər” mövzusunda yazı müsabiqəsini və digərlərini qeyd etmək olar. Şirkət bundan sonra da bu fəaliyyətini davam etdirəcək və media işçilərinin peşəkarlığının artmasına xidmət edən təşəbbüsləri dəstəkləyəcək.


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr