Azərbaycan dilindəIn EnglishПо-русски

“Azercell” və ABŞ səfirliyinin təşkil etdiyi ingilis dili kursları başa çatdı

Bakı, 10 sentyabr 2008

Jurnalistlərə sertifikatlar verildi

“Azercell” şirkəti və ABŞ-ın ölkəmizdəki səfirliyinin jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları başa çatıb. Sentyabrın 8-də kursu müvəffəqiyyətlə bitirən media təmsilçilərinə sertifikatlar təqdim olundu.

ABŞ-ın ölkəmizdəki səfirinin iqamətgahında baş tutan təqdimetmə mərasimində qonaqları səfir Enn Dörsinin özü salamladı. Adəti üzrə Azərbaycan dilində çıxış edən səfir xatırlatdı ki, “Azercell” ilə birlikdə təşkil olunan bu kursların əvvəlində o, ingilis dilini öyrənmək istəyən jurnalistlərə uğur diləmişdi. Xanım Dörsi artıq mərasimə toplaşanların ingilis dilini bildiyini qeyd edərək, çıxışını məhz bu dildə davam etdirdi. Səfirin dediyinə görə, hazırda ingilis dili dünyada biznes, texnologiya və beynəlxalq kommunikasiya üzrə qlobal dil sayılır. Jurnalistlərin də bu dildə anlaşa bilməsi çox vacibdir: “Qlobal kommunikasiya dövrü olduğundan, bu gün Azərbaycanın həmişəkindən daha çox ingilis dilində danışmağı bacaran jurnalistlərə ehtiyacı var. Çünki onlar dünyadakı müxtəlif mədəniyyətlər və ölkələr arasındakı uçurumlar üçün körpü rolunu oynaya bilərlər. Öz məqalələri ilə Azərbaycan ictimaiyyətinə beynəlxalq təcrübəni öyrədə bilərlər. Həmçinin, əksinə, beynəlxalq olayları milli müstəvidə dəyərləndirə bilərlər”. Səfir Enn Dörsi bu mühüm işdə jurnalistlərə uğurlar dilədi və kursu başa çatdıranları təbrik etdi.

“Azercell Telekom” MMC-nin vitse-prezidenti Ali Ağan da hazırda istənilən sahədə ingilis dilini bilən mütəxəssislərə ehtiyac duyulduğunu söylədi: “Yaşadığımız əsr və ölkə çox sürətlə böyüyür, sürətlə inkişaf edir. Bu baxımdan, jurnalistlərin üzərinə böyük yük düşür. Media işçiləri təkcə dövlətinizi tanıtmalı deyil, xaricdə də Azərbaycan haqqında doğru-düzgün rəy yaratmalıdırlar. Həm də ölkənizdəki insanlara xaricdə baş verənlərlə bağlı dolğun məlumat verməlidirlər. Buna görə də dil bilmək çox önəmlidir”.

Cənab Ağan bildirdi ki, “Azercell” şirkəti sosial məsuliyyətli layihələrlə yanaşı, medianın inkişafına təsir göstərən layihələrə də imza atıb. Şirkət jurnalistlər üçün müxtəlif təlim və seminarlar təşkil edib, media qurumları nümayəndələrinin beynəlxalq konfranslarda iştirakını təmin edib və nəhayət onların dil biliklərini dərinləşməsinə yardımçı olub. Ali Ağan bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini söylədi. Vitse-prezident onu da söylədi ki, ABŞ səfirliyi ilə “Azercell”in həyata keçirdiyi bu təşəbbüsə onun öz həyat yoldaşı da könüllü olaraq qatılacaq.

Bundan sonra kursu bitirən jurnalistlərə sertifikatlar təqdim olundu. Media nümayəndələri diplomlarla yanaşı, “Azercell” şirkətindən xatirə hədiyyələri də aldılar.

Qeyd edək ki, “Azercell” şirkətinin ABŞ səfirliyi ilə birlikdə təşkil etdiyi ingilis dili kurslarına ötən ilin noyabrından start verilib. Yeddi ay davam edən kurslar zamanı jurnalistlər üç səviyyə üzrə ingilis dilini öyrəniblər. Media nümayəndələrinə Azərbaycan İngilis dili Müəllimlər Birliyinin üzvləri dərs keçib. Ümumilikdə, 30-dan çox media nümayəndəsi ingilis dili kurslarına qatılıb.

Tədbirdən görüntülər


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr