Azərbaycan dilindəIn EnglishПо-русски

Jurnalistlər üçün keçirdiyi mətbuat konfransının stenoqramı

Bakı, 02 oktyabr 2008

“Azercell Telekom” MMC-nin prezidenti, “TeliaSonera” şirkətinin Avrasiya biznes qrupunun Baş Əməliyyat Müdiri Halim Ateş və “Azercell Telekom” MMC-nin vitse-prezidenti Ali Ağanın məhdud sayda jurnalistlər üçün keçirdiyi mətbuat konfransının stenoqramı:

Halim Ateş:

- Salam. Biz yenə “Azercell” olaraq gördüyümüz bəzi işlərlə əlaqədar olaraq sizə məlumat vermək üçün bura toplaşmışıq. Əsas məsələyə keçməzdən öncə deyim ki, sizlərin də çox yaxşı bildiyi kimi cənab Ali Ağan bu ilin mayından etibarən “Azercell Telekom” MMC-nin vitse-prezidenti qismində bizimlə çalışmağa başladı. Mənə isə “TeliaSonera” daxilində bəzi səlahiyyətlər verildi. Hazırda mən həm Azərbaycanda vəzifəmi icra edirəm, həm də “TeliaSonera Eurasia”da vitse-prezident olaraq 11 ölkə üzrə cavabdeh kimi çalışıram. Təbii, bu işimə görə çoxlu səfərlər etməli olurdum. Ona görə də Ali bəyin yardımını rica etdik. O da sağ olsun, bizim komandaya qatıldı. Artıq Ali bəy beş aydır bizimlədir. Bir azdan cənab Ağan sizlərə görəcəyimiz işlər barədə daha ətraflı açıqlamalar verəcək. Amma mən toplantının əvvəlinə qatılıb sizlərə bir “xoş gəldiniz” demək istədim. Çünki uzun zamandır belə bir görüşmək fürsətimiz olmamışdı.

Bildiyiniz kimi, fəaliyyət göstərdiyimiz 12 il ərzində həm Azərbaycanın, həm də Azərbaycan bazarının inkişafı üçün çox fərqli işlər görmüşük. Bunu ən yaxşı siz bilirsiniz. Çünki bu işləri sizin vasitənizlə insanlara çatdırmışıq. Həyata keçirdiyimiz işlər dövlətimizin siyasəti ilə birlikdə Azərbaycanı, Azərbaycan bazarını bu gün çox gözəl səviyyəyə gətirib çıxarıb. Biz daha öncələr də demişdik, xüsusilə də yeni strategiyamızı açıqladığımız zaman bəyan etmişdik ki, Azərbaycanın qürur duyacağı bir şirkət olmaq istəyirik. Yəni, sadəcə burda deyil, xaricdə də Azərbaycanı və azərbaycanlıları ən yaxşı şəkildə təmsil edən və onların qürur duyacağı bir şirkət olmaq istəyirik. Və bunu təsdiqləmək üçün xeyli işlər gördük.

Xaricdən, “TeliaSonera” ailəsindən bir çox insanları buraya gətirib topladıq. Biz xarici ölkələrə gedib Azərbaycanı layiqincə təmsil etdik. Bu zaman hökumətimizin apardığı siyasətə paralel olaraq fəaliyyət göstərdik. Cənab prezident də qeyd edib ki, Azərbaycanda neftdən sonra ikinci öncül sektor İKT sektorudur. Biz də həm texnoloji baxımdan, həm də insanları inkişaf etdirmək baxımından bu paraleldə fəaliyyətimizi davam etdiririk. Və onu demək istəyirəm ki, çox qısa müddətdə gördüyümüz işlərə yeniləri əlavə olunacaq. Bununla bağlı ətraflı məlumat açıqlaması üçün sözü Ali bəyə verirəm. Bizlərlə birlikdə olduğunuz üçün təkrar hamınıza təşəkkür edirəm.

Ali Ağan:

- Təşəkkürlər. Mən də hamınıza xoş gəldiniz deyirəm. Halim bəyin bəhs etdiyi toplantı oktyabrın 27-30-u arasında keçiriləcək. Bu, GSM Assosiasiyasının hər il, özəlliklə də inkişaf etmiş ölkələrdə təşkil etdiyi Qarşılıqlı Rouminq Ekspertler Qrupunun toplantısıdır. Bu zaman dünyanın ən iri GSM qurumlarının rouminq üzrə ekspertləri bir araya gələrək bu mövzu ilə bağlı fikir mübadiləsi aparırlar. Toplantı nəticəsində əldə olunan məlumatlar isə sonradan yenə də elə GSMA vasitəsi ilə qurumun digər üzvlərinə çatdırılır. Biz uzun zamandır bu toplantının Azərbaycanda keçirilməsi üçün GSMA ilə danışıqlar aparırdıq. Nəhayət bu il ilk dəfə olaraq toplantının Bakıda keçirilməsinə razılıq almışıq. Və bu haqda məlumatı da ilk dəfə sizə bildiririk. Beləliklə, oktyabrın 27-30 arasında təxminən 55 ölkədən 120 GSM eksperti Azərbaycana gələcək.

Texnoloji baxımdan üstünlüyü bir tərəfə qalsın, bu toplantının Bakıda təşkil olunmasının bizim üçün çox önəmli olmasının başqa bir səbəbi də var. Dəfələrlə bəyan etmişik ki, “Azercell” olaraq sadəcə işlədiyimiz sektor üçün deyil, ölkəmiz qarşısında da məsuliyyət daşıyırıq. Bu toplantını Bakıda keçirməyə çalışmağımızın əsas səbəbi sadəcə “Azercell”in bu mərasimə ev sahibliyi etməsində deyil. Əsas səbəb Azərbaycanın, Bakının bu toplantıya ev sahibliyi etməsindədir. Əsas səbəb Azərbaycanın bu ölkələrin təmsilçiləri tərəfindən tanınması və onların öz ölkələrinə qayıtdıqda şirkətlərində, iş yerlərində, həmkarları və tanış-bilişləri arasında Azərbaycanla bağlı aldıqları müsbət təəssüratları paylaşmasıdır. Əvvəlki illər bu toplantılar Fransa, İngiltərə, Amerikada, Almaniya kimi inkişaf etmiş ölkələrdə keçirilirdi. Halim bəyin də söylədiyi kimi, bu, həm də cənab prezidentin İKT-nin Azərbaycanda neftdən sonra ikinci böyük sektor olması yolundakı strategiyasına uyğun bir addım olduğu üçün bizim üçün önəmli idi. Digər tərəfdən, Azərbaycanın son dövrdəki inkişafına nəzər yetirdikdə, ÜDM artımında ölkəmizin 2006, 2007 və 2008-ci illərdə dünyada birinci olmuş, ötən həftə Dünya Bankı tərəfindən açıqlanan “Doing Business-2009” hesabatında 63 pillə adlayaraq Azərbaycan dünyanın ən sürətli inkişaf edən ölkəsi olduğunu görə bilərik. Bu baxımdan, dünyada İKT-nin önəmli bir yer tutduğu bir ərəfədə önəmli sektorun ən önəmli oyunçularının buraya gəlməsi bizim üçün çox yaxşı bir nümunədir. Biz məhz bunu sizlərlə paylaşmaq istədik. İnşallah, oktyabrın 27-dəki açılış mərasimində, həm də ümumiyyətlə toplantı müddətində sizlərlə bərabər olacağıq. Sizin bura gələn qonaqlarla görüşməyinizə imkan yaradacağıq. Biz bu toplantı üçün “Texnologiya atəşi Azərbaycanda yanır” dedik. Yəni, konfransın şüarı da elə bu cür olacaq.

Rüfət Abbasov:

- Hörmətli həmkarlar, indi suallarınızı verə bilərsiniz.

“Azadlıq” radiosu:

- Bu toplantı “Azercell” üçün nə ilə nəticələnəcək? Ola bilərmi ki, bu toplantı hansısa kontraktın imzalanması, “Azercell” abonentlərinə hansısa yeni texnologiyanın təqdimatı ilə nəticələnsin?

Ali Ağan:

- Əslində, belə toplantıların məqsədi şirkətlərin bir araya gəlib qarşılıqlı saziş imzalamasından, yaxud öz ticarətlərini genişləndirməsindən daha çox GSM firmalarının öz aralarında bilgilərini paylaşmasına xidmət edir. Bu, konfransdır, təkbətək iş görüşmələri deyil. Biz “Azercell” olaraq bu tədbiri şirkətimizin texnoloji inkişafı təqib etməsi fürsəti kimi görməkdən savayı, Azərbaycanın, Bakının tanıtımı üçün bir fürsət olaraq gördük. Bizim üçün əsas önəmli olanı budur. Bu toplantıdan gözləntimiz ondadır ki, burdan gedən dostlarımız öz ölkələrində çevrəsindəkilərə Azərbaycanla bağlı pozitiv fikirlər bildirəcəklər.

Halim Ateş:

- Bizim bu toplantıdan sırf “Azercell”ə fayda qazandıracaq kimi gözləntilərimiz yoxdur. Adətən bu cür konfranslar insanların tanıtıma və lobbiçiliyə işləyir. Bizim nöqteyi-nəzərdən, özəlliklə GSM sektorunda belə bir tədbir çox önəmli qruplardan biri ola bilər. Ali bəyin də qeyd etdiyi kimi bu konfranslar indiyədək yalnız Amerika və Avropa tərzli ölkələrdə keçirilib. Bizim də iddiamız odur ki, o cür ölkələrdə təşkil olunan hər bir şey Azərbaycanda da ən yüksək səviyyədə qurula bilər. Bunu sübut etmək üçün biz bu konfransın keçirilməsi üçün Bakının namizədliyini irəli sürdük, bu insanları buraya dəvət etdik.

Digər tərəfdən, rouminqlə bağlı toplantının burda baş tutmasının digər faydalı bir tərəfi daha var. Ara-sıra sizlər də xaricdə olan insanların rouminqlə bağlı yaşadığı sıxıntılar barədə məlumat verirsiniz. Beynəlxalq zənglər, rouminqlə əlaqədar abonentlərin çətinlikləri barədə bizlərə də şikayət gəlirdi. Odur ki, bu məsələdə də müzakirə ediləsi məqamlar var. İnşallah, bu konfrans ona da yardımçı olacaq. Hazırda beynəlxalq zənglər, rouminqlə bağlı problemlərlə əlaqədar “Azercell” olaraq texniki cəhətdən bizim görə biləcəyimiz işlər bir qədər məhduddur. Çünki bu məsələ hazırda “Aztelekom”un inhisarındadır. Biz onların sistemləri ilə məhdudlaşırıq. İnşallah, bazarın daha da inkişaf etməsi, bu sıxıntıların aradan qaldırılması üçün bəhs etdiyimiz konfrans bizlərə yardımçı olar. Bu, yalnız “Azercell” üçün deyil, Azərbaycanın imici üçün də önəmlidir. Çünki əgər xaricdən birisi Azərbaycana zəng etməkdə çətinlik çəkirsə, bu, ölkənin imici üçün yaxşı bir şey deyil.

“Respublika” qəzeti:

-Belə toplantılar əvvəllər hansı ölkələrdə keçirilib? Ümumiyyətlə, bizim regionda keçirilibmi?

Halim Ateş:

- QREQ konfransı bu bölgəyə ilk dəfə gəlir. Sonuncu dəfə toplantı ötən il Çex Respublikasının paytaxtı Praqada keçirilib. Biz yenə də bir ilkə imza atdığımızı deyə bilərik və bu, bizim üçün bir şərəfdir.

“İnterfaks” agentliyi:

-Bu ilin sonuna qədər şirkətin sərmayələri və abonent bazası nə qədər olub? Səkkiz ayda nə qədər sərmayə yatırmısınız?

Halim Ateş:

-Bizim sərmayələr də, abonent bazamız da günbəgün artmaqdadır. Hazırda 3,5 milyon abonentimiz var. Yəqin ilin sonuna kimi bu rəqəm daha da artacaq və çox güman 4 milyona yaxın abonent sayına sahib olacağıq. 12 il ərzində Azərbaycana 1 milyard dollar civarında sərmayə qoymuşuq. Bu ilin yanvar-avqust aylarında həmin göstərici 53,7 milyon dollar təşkil edir.

Bütün bunlarla yanaşı, hər dəfə qeyd edirik ki, insana yatırım bizim üçün xüsusi önəm daşıyır. Biz bu ilin ilk yarısında əməkdaşlarımızın inkişafına 1 milyon dollar sərmayə yatırmışıq. İnşallah, ilin sonuna qədər bu rəqəm 2 milyona qədər artacaq. Bu ilin ilk 8 ayında dövlətimizə 84,6 milyon manat vergi ödədik. 12 il ərzində bu göstərici 400 milyon manata çatır. Bilirik ki, “Azercell” Azərbaycanın qeyri-neft sektorundakı ən iri vergi ödəyicidir və bununla da qürur duyuruq.

Elə sərmayə baxımdan da qeyri-neft sektorunda ilk yerdəyik. Bu da bizim üçün bir qürur mənbəyidir. Amma bütün bunlarla yanaşı, daha fərqli nələrisə reallaşdırmağın zəruri olduğunu düşünürük. Ona görə də beynəlxalq fəaliyyətimizlə də Azərbaycana fayda verməyə çalışacağıq.

ATV kanalı:

- İndiyə qədər “Azercell”in neçə nömrəsi satılıb?

Halim Ateş:

Bilirsiniz ki, artıq 50 kodu ilə nömrələrimiz bitib, 51 kodu ilə nömrələrin satışına başlamışıq. Belə baxanda, bir seriyada 10 milyona qədər nömrəmiz var. Amma texniki sistem daxilində 10 milyon nömrənin hamısının eyni anda işləməsi mümkün deyil. Kobud hesablama aparsaq, bu 12 ildə təxminən 6-7 milyon civarında nömrə satılıb. Lakin bunlar daim bazarda dövriyyədə olan nömrələrdir. İstifadə olunan nömrələrə gəlincə, hazırda bazarda 3,5 milyon abonent var. Amma nömrələrin istifadəsi bizlərin düşündüyü qədər də bəsit deyil. Sizə bir misal çəkim – məsələn, 1 seriyalı nömrələr təcili yardım xidmətləri səbəbindən bütün dünyada istifadə olunmur. 8 seriyalı nömrələr də adətən beynəlxalq rouminq üçün saxlanılır. Ona görə də bir seriyada – 10 milyonda real istifadə edə biləcəyimiz nömrələrin sayı 5-6 milyon civarındadır. Hələ onu demirəm ki, bu rəqəmin içində qısa nömrələr də var. Yəni, servis provayderlərdə gördüyünüz qısa nömrələr də satılmış sayılır. Önəmli olan aktiv abonent bazasıdır ki, bu da bizim üçün təxminən 3,5 milyondur.

“Turan” İnformasiya Agentliyi:

- Məlumdur ki, bu il “Azercell” şirkətində dövlətin payı özəlləşdirildi. Bu vəsait artıq ödənilibmi? İkinci sualım - mobil rabitə bazarında “Azercell”in payı nə yerdədir?

Halim Ateş:

-Birinci sualınızla bağlı onu deyə bilərəm ki, özəlləşdirmə ilə bağlı bizim səhmdarların dövlətlə müqaviləsi var. Və bu anlaşma şərtlərinə görə vəsait vaxtlı-vaxtında ödənilir. Orada hər hansı bir problem yox.

İkinci suala gəldikdə, bazarda payımız 65 faiz civarındadır. Bazara yeni operator gəldiyini nəzərə alsaq, bunu normal rəqəm kimi qiymətləndirmək olar.

“Mediaforum” saytı:

- Bilmək istərdim ki, ümumilikdə “Azercell” şirkətində nə qədər əməkdaş çalışır? Onların neçə faizini azərbaycanlılar təşkil edir? Şirkətdə ən yüksək vəzifəni tutan azərbaycanlı kimdir və o, hansı vəzifəni daşıyır?

Halim Ateş:

-Bizim təxminən 740 əməkdaşımız var. Altını cızaraq söyləyim ki, bunlar daimi çalışan işçilərimizdir. Çünki bildiyiniz kimi bizim bir çox xidmətlərimiz, təhlükəsizlik, təmizlik sahəsində fərqli tərəfdaşlarımız var. Bu xidmətlər səsləndirdiyim rəqəmə aid deyil. Həmin əməkdaşlarımızın 99,9 faizi isə azəridir. Yəni, 740 nəfərin içində cəmi 4 nəfər əcnəbi var.

Ali Ağan:

- Mən də bu məsələ ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Bizim cəmi 4 nəfər Azərbaycan vətəndaşı olmayan əməkdaşımız var. Bunlardan 4-ü türkdür. Bizlər də bir millət, iki dövlət olduğumuz üçün deyə bilərik ki, əslində 740 nəfərin hamısı türkdür, azəridir.

“Mediaforum” saytı:

- Bəs ən yüksək vəzifəni tutan azərbaycanlı kimdir?

Halim Ateş:

- Mənə bir başa hesabat verən 10 nəfərdən cəmi ikisi türk, qalanları azərbaycanlıdır. Satış, marketinq, müştəri xidmətləri, hüquq və idarə işlərinin, insan qaynaqlarının, “Azeronline” şirkətinin başındakıların hamısı Azərbaycan vətəndaşlarıdır. Yalnız maliyyə işlərinə rəhbərlik edən şəxs – Fəridə xanım özbəkdir. O da artıq Azərbaycan pasportunu alıb, çünki azərbaycanlı ilə evlidir.

Biz zatən həmişə “gələcəyə yatırım” etdiyimizi buna görə deyirik. Əsl sərmayəni bu ölkənin insanlarına qoymaq lazımdır. Peşəkar mənada baxsaq, 12 il ərzində mən tutduğum vəzifədə müxtəlif insanlar çalışıb. Bu gün mənəm, sabah başqa bir adam olacaq. Ona görə də bizim əsl sərmayəmiz buradakı insanlara yönəlməlidir. Mən başqa bir şey də söyləyim. Mən buradan azərbycanlı dostlarımızı “TeliaSonera”nın əhatə etdiyi digər ölkələrə yönətici olaraq göndərirəm. Lap bu yaxınlarda bir dostumuz Özbəkistana getdi, orada müştəri xidməti şöbəsinin başına keçməyə hazırlaşır. Daha bir işçimizi isə baş müdir yardımçısı vəzifəsinə göndərməyə hazırlaşırıq. Biz onları Azərbaycanla sərhədləmək istəmirik.

“Lent.az” portalı:

-İlin sonunadək 3G sisteminin tətbiq ediləcəyini gözləmək olarmı?

Halim Ateş:

-Bu suala “Allah qoysa” kimi cavab vermək istəyirəm. Əslində bu sualla bir neçə dəfə bizə müraciət ediblər. Təəssüf ki, hər dəfə eyni cavabı vermək məcburiyyətində qalıram. “Azercell” tərəfindən bunu etmək mümkündür. Daha öncə söylədiyim kimi, biz artıq bir ildir ki, 3G texnologiyasının tətbiqinə hazırıq. Amma bu məsələdə özbaşına hərəkət edə bilmərik. Bunun üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 3G ilə bağlı tezliyi bizə təsis etməsi lazım. Buna görə dəfələrlə nazirliyə müraciət etmişik. Nə zaman tezlik verilsə, ondan sonra çox qısa bir müddətdə biz 3G texnologiyasını burdakı azərbaycanlıların xidmətinə verəcəyik.

“TREND” İnformasiya Agentliyi:

- Bu yaxınlarda “Azerfon” şirkətinin saytında “Azercell”in rabitə xidmətlərində çətinliklər olması ilə bağlı yazı vardı. Bunu necə qiymətləndirirdiniz? Rəqib olaraq biznes etikasına riayət edilməməsinə necə baxırsınız?

Halim Ateş:

- Hər kəsin özünə görə biznes etikası var. Çox gözəl bir söz var - hər kəs qarşısındakını özü kimi bilir. Biz 12 ildir Azərbaycan bazarındayıq və bizdən bu günə qədər belə şeylər eşitməmisiniz. Çünki bu, problemləri həll etmənin ən rahat yoludur. “Məndə bir problem yox, filankəs bu işi görə bilmədi” demək hansısa məsuliyyəti öz boynundan atmağın ən rahat yoludur. Biz hətta sırf özümüzün məsuliyyəti olmadığı məsələlərdə belə, bu problemləri çözməyə çalışmışıq. Doğrudur, bəhs etdiyiniz durumda bəlli problemlər yaşandı. Bu, iki operatorun arasındakı linklərdə yaşanan problem idi. Amma bunu bilirik ki, biz texnologiya ilə əlaqəli iş görürük. Bu cür şeylər hər zaman ola bilər. Əgər siz bunun həlli yolunu axtarırdınızsa, bunu çox rahatlıqla edə bilərdiniz. Çünki iki operatorun arasında “Aztelekom” var və hər üçü arasında bağlantı mövcuddur. Bəhs edilən problemi həll etmək üçün sadəcə trafikinizi digər nöqtə üzərindən mənzil başına çatdırmaq olardı. Bunu etmək üçün kimsəyə ehtiyac yox idi, heç dahi olmaq da lazım deyildi. Bunun üçün məqsəd problem yaratmaq yox, onun həlli yollarını tapmaq istəyinin olması idi. Digər GSM operatoru bunu etmək əvəzinə özünün İnternet səhifəsində belə bir yazı dərc etməyə üstünlük verdi. Öz işləridir. Dediyim kimi bunların hamısı trafikdə hər zaman qarşılaşan və həlli olan problemlərdir.

Ali Ağan:

-Mən də bir şey əlavə etmək istəyirəm. Halim bəyin bəhs etdiyi texniki problem yaranan kimi biz digər GSM operatoruna, ordakı dostlarımıza problemin alternativ kanalla necə həll oluna biləcəyi barədə məlumat verdik. Əgər bunu nəzərə alsaydılar, müştərilərinin qısa müddətli olsa belə hansısa sıxıntı yaşamasına imkan verməyəcəkdilər. Yəni, problem yarandığı andan onun alternativ çözüm yolu var idi. Lakin digər operatorun bu yolu seçmədən məsuliyyəti bizim üstümüzə yönəltməsi bizim qətiyyən təqdir etmədiyimiz bir addımdır.

“Azadlıq” radiosu:

- Bəzi ölkələrdə seçkidə insanlar mobil telefonla səs verirlər. Azərbaycanda arabir belə təkliflər səslənir ki, bizdə də bu sistemi tətbiq etmək lazımdır. Əgər reallaşsa, “Azercell” bu işdə iştirak edərmi?

Halim Ateş:

-Hazırda bütün dünyada cib telefonu insanların cüzdanının, pasportunun, şəxsiyyət vəsiqələrinin yerini alır. Dediyiniz də bu örnəklərdən biridir. Hazırda mobil texnologiyaların müxtəlif istifadə növləri var. Seçkidə səsvermədən tutmuş, benzin, hətta Coca-Cola alınan zaman ödəmə aparmağa kimi cib telefonunun çox fərqli istifadəsi var. Amma bu cür sistemləri tətbiq etmək üçün bir alt bazanın hazırlanması lazımdır. Əgər Azərbaycanda belə bir çalışma olarsa, təbii ki, biz “Azercell” olaraq bunun bir parçası olarıq. Artıq başqa ölkələrdə bu tipli müxtəlif işlər həyata keçirilir. Məsələn, Türkiyədə sınaqlar aparılıb və artıq istifadəsinə də start verilib. “Coca-Cola” kiosklarına baş vuran insanlar konkret qısa nömrəyə SMS göndərir və “Cola”nı alıb içə bilirlər. Mobil telefonunun bu cür istifadəsi var. Amma dediyim kimi, bu cür şeyləri tətbiq etmək üçün əvvəlcə onun güvənlik tərəfinin bazası yaradılmalıdır. Yavaş-yavaş biz də ona gedəcəyik.

“Lent.az” portalı:

- İlin sonunadək hansısa kampaniyaların keçirilməsi gözlənilir? Adətən “Azercell” ilin sonunda müxtəlif kampaniyalar keçirir. Bu il də belə bir şey mümkündürmü?

Halim Ateş:

Bu sualın cavabını siz verin. Bizim nə vaxt dayandığımızı görmüsünüz? Təbii, bu işlərə davam edəcəyik. Hazırda yeni başlayan kampaniyamız gedir. İlin sonuna qədər də planlaşdırdığım kampaniyalar var, bunları da reallaşdıracağıq. Bizdə dayanmaq yox!

Əgər başqa suallarınız yoxdursa hamınıza gəldiyinizə və bizimlə sıx əməkdaşlıq etdiyinizə görə təşəkkür edirəm.
Sağ olun.

Tədbirdən görüntülər


Azercell Telefon Mərkəzi

Azercell Fakturalı Xətt — 6565.

Açıq Xətt, Bizdən Bizə və GəncSim — 2002.

Digər nömrələr