Tələbələr üçün “Açıq qapılar” keçirildiBakı, 21 oktyabr 2008 “Azercell” müvəffəqiyyətlə oxuyan tələbələrə təqaüd verəcək
Dəyərləri yalnız qorumaqla kifayətlənməyən “Azercell Telekom” yeni dəyərlərin yaradılması və paylaşması istiqamətində daim müxtəlif layihələr reallaşdırır. Bu qəbildən tədbirlər sırasında oktyabrın 21-də Qafqaz Universitetində keçirilən “Açıq qapılar” tədbirini göstərmək olar. Bu tədbirdə iştirak edən gənclər “Azercell”in tələbələr üçün elan etdiyi təqaüd proqramı haqqında ətraflı məlumat alıblar. Kompüter mühəndisliyi, kompüter sistem və şəbəkələri və biznes inzibatçılığı üzrə təhsil alan tələbələrə təhsil aldıqları sahəyə uyğun təlimlər və iş imkanları barədə şirkətin mütəxəssisləri tərəfindən məsləhətlər verilib.
Qeyd edək ki, “Azercell”in keçirdiyi xüsusi karyera proqramı çərçivəsində tələbələr üçün təqaüd proqramına müsabiqə də elan edilib. “Gələcək sənsən” şüarı altına reallaşdırılan proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və yüksək ixtisaslı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verməkdir.
Müsabiqəni qazanan tələbələrə “Azercell Telekom” tərəfindən hər ay təqaüd ödəniləcək. Bundan əlavə, təqaüdçülər şirkətin korporativ mədəniyyəti ilə yaxından tanış olacaq, həmçinin əldə etdikləri bilikləri praktikada tətbiq etmək imkanını qazanacaqlar. Müsabiqədə beş ali təhsil ocağında - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin (kompyuter mühəndisliyi, kompyuter sistem və şəbəkələri, biznes inzibatçılığı üzrə fakültələr) əyani şöbəsində oxuyan III və IV kurs tələbələri iştirak edə bilərlər. Təqaüdçü olmaq istəyən tələbələr noyabrın 15-də sənədlərini Bəsti Bağırova, 2 ünvanında yerləşən Müştəri Xidmətləri ofisinə təqdim etməlidirlər. Anket formu və sənədlərin tam siyahısını www.azercell.com saytından əldə etmək olar.
Müsabiqə komitəsi daxil olan müraciətləri təhlil etdikdən sonra tələbələr testdən keçəcək və məqbul sayılan şəxslər müəyyənləşdiriləcək. Onu da qeyd edək ki, maksimum 15 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görüləcək. Azercell Telekom MMC Mətbuat Xidməti |