Yevlaxda yeni “Azercell Ekspress” ofisi açıldıBakı, 23 oktyabr 2008 Bu ofisdə abonentlər eyni anda 3 xidmətdən yararlanacaq
Daim müştərilərinin rahatlığını düşünən “Azercell Telekom” MMC təkcə paytaxt Bakıda deyil, bütün Azərbaycan üzrə abonentlərinə yüksək xidmət təklif edir. Bu məqsədlə, bu gün Yevlaxda yeni “Azercell Ekspress” ofisinin açılışı baş tutub.
Açılış mərasimində çıxış edən “Azercell Telekom”un vitse-prezidenti Ali Ağan son illər regionlarda güclü inkişaf müşahidə olunduğunu dedi: “Prezident İlham Əliyev regionların inkişafını hökumətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri hesab edir və son dövrlər bölgələrdə böyük inkişaf müşahidə olunur. Azərbaycanın qeyri-neft sektorunun lider şirkəti olaraq biz prezidentin bu strategiyasına öz dəstəyimizi göstərmək məqsədilə regionlarda fəaliyyət göstərəcək “Azercell Ekspress” ofislərimizin sayını artırmağı planlaşdırırıq və bununla da bölgələrin iqtisadiyyatına azacıq da olsa töhfə verməyə çalışırıq, yeni iş yerləri açırıq”. Cənab Ağan yevlaxlı abonentlər də daxil olmaqla, “Azercell”in bütün müştərilərinə yüksək xidmət təklif etməkdən məmnun olduğunu söylədi.
Yevlaxda yeni açılan “Azercell Express” ofisinin konsepsiyasının əsasını 1 nöqtədə 3 xidmət təşkil edir. Yəni, istənilən abonent “Azercell Ekspress” ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Qeyd edək ki, “Azercell” şirkəti tək Azərbaycanda deyil, bütün regionda “one stop shopping” adlanan bu konsepsiyanı təqdim edən ilk şirkətdir.
Hazırda ölkə üzrə 12 “Azercell Express” ofisi fəaliyyət göstərir. Bu ofislərin əksəriyyəti bölgələrdə yerləşir. Azərbaycanda qeyri-neft sektorunun lider şirkəti olan “Azercell” bundan sonra da regionlarda “Azercell Ekspress” ofislərinin sayını artırmaq niyyətindədir. Belə ki, yaxın zamanlarda fəaliyyətə başlayacaq 10-dan çox “Azercell Ekspress” ofisinin böyük qisminin bölgələrdə açılması nəzərdə tutulub. Azercell Telekom MMC Mətbuat Xidməti |